Telman İbrahimov: Qafqaz Albaniyasının mədəni irsinin araşdırılmasında yazılı mənbələrin rolu böyükdür
Bakı, 22 sentyabr, AZƏRTAC
AMEA-da keçirilən konfransda Qafqaz Albaniyasının mədəni inkişaf dövrlərinin araşdırılmasında yazılı mənbələrin, tarixi əsərlərin və arxiv materiallarının müqayisəli şəkildə öyrənilməsi məsələsi də müzakirə mövzusu olub.
AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən AMEA Memarlıq və İncəsənət İnstitutunun Təsviri, dekorativ-tətbiqi sənətlər və heraldika şöbəsinin aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Telman İbrahimov gürcü tədqiqatçılardan biri olan Bakradze tərəfindən Qafqazın xristian abidələri, o cümlədən Albaniya irsi ilə bağlı geniş materiallar hazırlandığını bildirib. Qeyd edib ki, Albaniya tarixinin sonrakı dövrlərdə necə təqdim olunması məsələsi müxtəlif tarixi mənbələr əsasında araşdırılmalıdır. O, Alban çarlığının süqutundan sonra yazılı irsin və kitabxanaların taleyi ilə bağlı məlumatların müqayisəli tədqiqinə ehtiyac olduğunu vurğulayıb. Bildirib ki, müxtəlif dövrlərdə Alban kilsəsinə məxsus kitabların başqa mərkəzlərə aparılması barədə məlumatlara rast gəlinir. Eçmiədzin kitabxanası haqqında nəşrlərdən birində təxminən 655 kitab barədə məlumat verilir və həmin siyahıda Albaniya ilə bağlı cəmi üç kitabın göstərilməsi diqqət çəkir. Bu cür məlumatlar Alban yazılı irsinin taleyinin ayrıca elmi istiqamət kimi araşdırılmasının vacibliyini göstərir.
O, XIX əsrdə Azərbaycan və Albaniya tarixi ilə bağlı tədqiqatların aparılması prosesinə də toxunub. Bildirib ki, 1815-ci ildə Moskvada Lazarev adına İnstitutun yaradılması ilə bölgənin tarixi və mədəni irsi ilə bağlı müxtəlif araşdırmalar aparılıb. Həmin dövrdə erməni tarixinin təbliğinə xidmət edən çoxsaylı əsərlər də nəşr olunub.
T.İbrahimov “Kavkaz” qəzetində 1877-1886-cı illər ərzində erməni dilində 680-dən çox əsərin çap edilməsi barədə məlumatın yer aldığını diqqətə çatdırıb. Alim bildirib ki, 551-ci ildə Qafqaz Albaniyasının paytaxtının Bərdəyə köçürülməsi ilə bağlı məlumatlar sonrakı erməni mənbələrində fərqli şəkildə təqdim edilib və bu məsələnin mənbəşünaslıq baxımından araşdırılması vacibdir.
O, 705-ci ildə Albaniyada baş verən hadisələrə də diqqət çəkib. Onun sözlərinə görə, həmin dövrdə Bərdədə baş vermiş üsyan və onun iştirakçılarının sonrakı taleyi ilə bağlı müxtəlif məlumatlar mövcuddur və bu hadisələrin tarixi mənbələr əsasında araşdırılması zəruridir.
Alim Qafqaz Albaniyası dövrünə aid xristian memarlığı nümunələrinin tarixləndirilməsində də müxtəlif mənbələrin müqayisəsinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, bu kimi məsələlərdə müxtəlif tarixçilərin əsərlərinin, yazılı mənbələrin və memarlıq xüsusiyyətlərinin birlikdə araşdırılması Qafqaz Albaniyasının mədəni inkişaf dövrlərinin daha dəqiq öyrənilməsinə imkan verə bilər.