AMEA-da konfrans: Qarabağdakı tarixi abidələrin sifarişçiləri yerli alban hakimləri və knyazlarıdır
Bakı, 22 sentyabr, AZƏRTAC
Qafqaz Albaniyasının maddi-mədəni irsinin müəyyənləşdirilməsi zamanı abidələrin tarixi coğrafiyası, sifarişçiləri və memarlıq xüsusiyyətlərinin nəzərə alınmasının vacibliyi AMEA-da keçirilən konfransda diqqətə çatdırılıb.
AZƏRTAC xəbər verir ki, konfransda AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Atropatena–Albaniya (Qafqaz) tarixi şöbəsinin müdiri dosent Ramil Ağayev abidələrin tarixi mənsubiyyətinin müəyyənləşdirilməsi zamanı onların yerləşdiyi ərazinin yazılı mənbələrdəki tarixi coğrafiya ilə uyğunluğunun nəzərə alınmasının vacibliyini bildirib. O qeyd edib ki, abidələrin sifarişçisinin kim olması və hansı məqsədlə inşa edilməsi də mühüm məsələlərdəndir.
R.Ağayevin sözlərinə görə, tarixi Albaniya ərazisində, xüsusilə Qarabağın dağlıq hissəsində yerləşən abidələrin üzərində onların sifarişçisinin erməni hökmdarı, hakimi və ya katolikosu olması barədə məlumat göstərilməyib. Əksinə, həmin abidələrin sifarişçiləri sırasında yerli hakimlər, knyazlar və katolikosların adı çəkilir.
Alim Gəncəsər monastırını nümunə göstərərək bildirib ki, bu abidə alban katolikosu Nersesin təkidli xahişlərindən sonra Xaçın knyazı Həsən Cəlal tərəfindən inşa etdirilib.
R.Ağayev qeyd edib ki, memarlıq xüsusiyyətləri də abidələrin tarixi mənsubiyyətinin müəyyənləşdirilməsində mühüm amildir. Onun sözlərinə görə, erməni və Azərbaycan memarlıq abidələrinin planlaşdırılması və memarlıq quruluşunda müəyyən fərqlər mövcuddur. Eyni zamanda, alban və erməni xaçları arasında da fərqlər müşahidə edilir.
Alim bildirib ki, alban abidələrində ay, günəş və od kimi təsvirlərə rast gəlmək mümkündür.
O, qəbirüstü abidələr və xaçkarların da bu baxımdan əhəmiyyət daşıdığını vurğulayıb. R.Ağayevin sözlərinə görə, bəzi qəbirüstü yazılarda məzarın kimə məxsus olduğu barədə məlumatlar əksini tapıb.
İnstitut şöbə müdiri bildirib ki, erməni mənbələrində və erməni tədqiqatçılarının əsərlərində də Qafqaz Albaniyasının maddi-mədəni irsi ilə bağlı müxtəlif məlumatlara rast gəlmək mümkündür.
O, Ermənistanın Qarabağın dağlıq hissəsi üzrə mütəxəssislərindən biri kimi təqdim etdiyi Şagen Mkrtçyanın 1970-ci illərin sonu və 1980-ci illərdə bölgədə apardığı araşdırmalara diqqət çəkib. Qeyd edib ki, həmin tədqiqatlar zamanı Qarabağın dağlıq hissəsində yerləşən abidələr və qəbir abidələri qeydiyyata alınıb. O, Ş.Mkrtçyanın əsərində Məlik Yeqanın qəbrinin üzərindəki yazı ilə bağlı məlumatın yer aldığını bildirib.