Azərbaycanın innovasiya gündəliyi artıq yalnız startapların yaradılması ilə məhdudlaşmır – ŞƏRH
Bakı, 22 sentyabr, AZƏRTAC
“Baku ID 2026” festivalında aparılan müzakirələr göstərdi ki, Azərbaycanın innovasiya gündəliyi artıq yalnız startapların yaradılması ilə məhdudlaşmır. Növbəti mərhələdə əsas məsələ innovasiyanın iqtisadi artımın real amilinə çevrilməsi, bunun üçün isə müvafiq institusional və insan kapitalı şərtlərinin formalaşdırılmasıdır.
Bu barədə AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktor müavini, iqtisad elmləri doktoru, professor Zahid Məmmədov deyib.
Professor bildirib ki, müasir iqtisadiyyatda rəqabət getdikcə daha çox təbii resurslardan deyil, bilik, texnologiya və insan kapitalından asılı olur. Buna görə startap ekosisteminin inkişafını yalnız yeni şirkətlərin sayının artırılması kimi qiymətləndirmək düzgün deyil. Əsas məqsəd ideyanın tədqiqat nəticəsinə, tədqiqat nəticəsinin texnologiyaya, texnologiyanın məhsula, məhsulun isə rəqabətqabiliyyətli biznesə çevrilməsidir.
“Azərbaycanın qarşısında da məhz belə bir məsələ dayanır. Vençur maliyyələşməsinin genişləndirilməsi, startapların beynəlxalq bazarlara çıxışı, elmi nəticələrin kommersiyalaşdırılması, texnologiya transferi və universitet–biznes əlaqələrinin gücləndirilməsi növbəti mərhələdə xüsusi əhəmiyyət daşıyır. İnnovasiya siyasətinin uğuru yalnız maliyyə və texnoloji infrastrukturdan asılı deyil. Texnologiyaları yaradan və tətbiq edən kadrlar olmadıqda, ən müasir infrastruktur belə gözlənilən nəticəni verməyə bilər”, – deyə Z.Məmmədov qeyd edib.
Professor qeyd edib ki, bu baxımdan ali təhsilin qarşısında yeni vəzifələr yaranır. Xüsusilə mühəndislik, kompüter elmləri, süni intellekt, energetika və digər texniki istiqamətlərin gənclər üçün daha cəlbedici karyera imkanları yaratması vacibdir.
O bildirib ki, 600–700 bal toplayan abituriyentlərin bir hissəsinin hüquq, iqtisadiyyat, maliyyə və idarəetmə kimi istiqamətlərə üstünlük verməsi müxtəlif amillərlə bağlıdır. Burada əmək bazarının strukturu, ailə gözləntiləri, peşələrin ictimai nüfuzu, gəlir və karyera perspektivləri rol oynaya bilər.
“Lakin məsələni yalnız gənclərin fərdi seçimi kimi qiymətləndirmək olmaz. Yüksək akademik nəticə göstərən abituriyentlər üçün mühəndislik, kompüter elmləri, süni intellekt və digər texniki istiqamətlərdə real və cəlbedici karyera imkanları yaradılmalıdır”, – deyə Z.Məmmədov vurğulayıb.
Professor bildirib ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “Education at a Glance 2025” məlumatlarına əsasən, OECD ölkələrində ali təhsilli əhalinin orta hesabla 26 faizi STEM istiqamətlərində təhsil alıb. İKT üzrə ali təhsilli 25–64 yaşlıların məşğulluq göstəricisi orta hesabla 90 faiz, mühəndislik, istehsal və tikinti istiqamətlərində isə 89 faiz təşkil edir.
“Bu rəqəmlər göstərir ki, texniki təhsil artıq yalnız müəyyən sənaye sahələri üçün kadr hazırlığı məsələsi deyil. O, əmək məhsuldarlığı, texnoloji müstəqillik və innovasiya imkanları ilə birbaşa əlaqəli strateji kapitaldır”, – deyə Z.Məmmədov qeyd edib.
Professorun sözlərinə görə, texniki ixtisasların gücləndirilməsi yalnız yeni fakültələrin açılması ilə məhdudlaşmamalıdır. Universitetlərdə müasir laboratoriyalar, prototipləşdirmə mərkəzləri və tədqiqat infrastrukturu yaradılmalı, tələbələr real sənaye layihələrinə cəlb edilməlidir: “Gənclərə sadəcə “mühəndis olun” demək kifayət deyil. Mühəndisliyi real olaraq cəlbedici etmək lazımdır. Tələbə bilməlidir ki, bu istiqamət texnologiya şirkəti yaratmaq, beynəlxalq şirkətdə işləmək, tədqiqat aparmaq və startap qurmaq üçün imkanlar yaradır”.
Z.Məmmədov hesab edir ki, universitetlərin gələcək modeli tədqiqat, texnologiya transferi və sahibkarlığın kəsişdiyi innovasiya mühiti üzərində qurulmalıdır. Bu baxımdan “tədqiqat–laboratoriya–prototip–startap–investisiya–sənaye–beynəlxalq bazar” zəncirinin formalaşdırılması mühüm əhəmiyyət daşıyır.
Onun fikrincə, “SABAH.city” kimi platformaların əhəmiyyəti də məhz burada ortaya çıxır. Belə mühitlər universitetləri, startapları, texnologiya şirkətlərini və biznesi bir araya gətirməklə bilik və texnologiyanın iqtisadi dəyərə çevrilməsi üçün imkan yaradır.
Müxbir – Pərvanə Qafarova