Tarixçi-alim: İrəvandakı kilsənin fasadı Türkiyədən gətirilən qırmızı tuf daşı ilə bərpa edilib
Bakı, 22 sentyabr, AZƏRTAC
AMEA-da keçirilən konfransda İrəvanda yerləşən Surp Sarkis kilsəsinin tarixi və bərpası ilə bağlı məsələlərdən bəhs olunub.
AZƏRTAC xəbər verir ki, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Şimali Azərbaycanın XIX-XX əsrin əvvəlləri şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Ramil Niftəliyev Surp Sarkis kilsəsinin bərpası ilə bağlı məlumatları diqqətə çatdırıb. O bildirib ki, kilsənin 1972-ci ildə erməni katolikosu I Vazgenin göstərişi ilə bərpası planlaşdırılıb. Bu işə Ermənistanın memarı Rafael İsraelyanın rəhbərlik etdiyini deyən alim onun 1973-cü ildə vəfatından sonra işin memar Artsrun Qalikyana həvalə edildiyini bildirib.
R.Niftəliyevin sözlərinə görə, sonrakı mərhələdə kilsənin fasadının bərpası zamanı Türkiyə ilə Ermənistan sərhədində yerləşən Ani memarlıq kompleksinin xarabalıqlarından götürülmüş tikinti materiallarından istifadə edilib.
Alim qeyd edib ki, Ani ərazisindən gətirilən qırmızı tuf daşından və digər tikinti materiallarından Surp Sarkis kilsəsinin fasadının bərpasında istifadə olunması nəticəsində abidəyə daha qədim görkəm verilib. Mütəxəssislər tərəfindən aparılan müxtəlif analizlərdə həmin tikinti materiallarının Ani mənşəli olduğu müəyyənləşdirilib. Bu kimi faktlar tarixi-memarlıq abidələrinin bərpası və onların tarixinin təqdim olunması məsələlərinin elmi baxımdan araşdırılmasının vacibliyini göstərir.
O qeyd edib ki, erməni tarixi-mədəni irsi kimi təqdim olunan Şərqi Türkiyədəki Ani memarlıq kompleksinin və digər abidələrin də tədqiqi bu baxımdan əhəmiyyətlidir.