Qazaxıstanlı analitik: Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi Birliyin inkişafını daha balanslı edəcək
Bakı, 13 oktyabr, AZƏRTAC
Bir çox digər regional layihədən fərqli olaraq, MDB formatı qərar qəbuletmədə konsensus prinsipinə əsaslanır. Azərbaycan mühüm regional aktor, güc mərkəzi və postsovet məkanında gedən proseslərin suveren, müstəqil iştirakçısı olduğundan, onun 2028-ci ildə MDB-yə sədrliyi bu prinsipi gücləndirəcək və MDB-nin inkişafını daha balanslı edəcək.
Qazaxıstanlı siyasi analitik Askar Nurşa bu fikri AZƏRTAC-a açıqlamasında ifadə edib.
Analitikin sözlərinə görə, Azərbaycanın sədrliyi Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin gündəliyinin MDB-nin ümumi gündəliyi daxilində təşviq edilməsinə imkan verəcək, çünki Bakı fəal şəkildə inteqrasiya edir. Bu, məsələn, Mərkəzi Asiya ölkələri və Azərbaycan Dövlət Başçılarının Məşvərət görüşləri vasitəsilə edilə bilər. Askar Nurşa hesab edir ki, bu sədrlik bütün makroregionun maraqlarını daha effektiv şəkildə müdafiə etmək üçün fürsət yaradacaq.
“Bakının xarici siyasət prioritetlərini, nəqliyyat, kommunikasiya və regionlararası əməkdaşlıqdakı əsas rolunu nəzərə alaraq, Şimal-Cənub və Orta Dəhliz beynəlxalq dəhlizlərinin inkişafı, eləcə də Trans-Xəzər enerji layihələrinin həyata keçirilməsi MDB ölkələri və Azərbaycan üçün ortaq maraq doğuran sahələr olacaq. Bundan əlavə, Azərbaycanın proaktiv mövqeyi Birliyin fəaliyyətinə əlavə təkan verəcək və MDB ölkələrinin Türkiyə, İran və Yaxın Şərq ilə xarici siyasət üzrə qarşılıqlı əlaqələrinin gücləndirilməsini stimullaşdıracaq”, -deyə agentliyin mənbəyi fikirlərini yekunlaşdırıb.