Oleksiy Kuleba: Azərbaycanın nümayiş etdirdiyi prinsipial mövqeyə görə minnətdarıq
Leypsiq, 8 may, AZƏRTAC
Beynəlxalq Nəqliyyat Forumu (BNF) çərçivəsində memorandumun imzalanması üçün yaradılmış imkana görə təşəkkür edirəm. Bu, hər iki tərəf - həm Kiyev, həm də Azərbaycan üçün son dərəcə mühüm hadisədir.
AZƏRTAC xəbər verir ki, bu fikri Leypsiqdə Azərbaycanın sədrliyi ilə keçirilən Beynəlxalq Nəqliyyat Forumunun (ITF) İllik Sammitində iştirak edən Ukraynanın icma və ərazi inkişafı naziri Oleksiy Kuleba təmsil etdiyi qurumla Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında memorandumun imzalanması barədə jurnalistlərə müsahibəsində deyib.
Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana son səfərindən sonra ölkələrimiz arasında qarşılıqlı fəaliyyət və tərəfdaşlıq münasibətlərinin yeni impuls qazandığını vurğulayan nazir qeyd edib.
“Tammiqyaslı işğal dövründə Ukraynanı dəstəkləməkdə nümayiş etdirdiyi prinsipial mövqeyinə görə Azərbaycana dərin minnətdarlığımızı bildiririk. Bu, bizim üçün çox əhəmiyyətlidir. Buna görə də Beynəlxalq Nəqliyyat Forumu çərçivəsində Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri ilə ölkələrimiz arasında nəqliyyat vasitələrinin keçidi üçün elektron icazə sisteminin tətbiqinə dair memorandum imzaladıq. Bu, ilk növbədə prosedurların sürətləndirilməsinə və maksimum şəffaflığın təmin edilməsinə yönəlmiş mühüm addım və əhəmiyyətli təşəbbüsdür. Biz Azərbaycan tərəfi ilə nəqliyyat və logistik marşrutlarımızdakı bütün proseslərin rəqəmsallaşdırılması istiqamətində səylərimizi birləşdirmək barədə razılığa gəldik. Bu, sadəcə vətəndaşlarımız, sərnişinlər və ya daşıyıcılar üçün əlavə xidmət deyil, eyni zamanda, resursların optimallaşdırılması və bütün proseslərin şəffaflığı məsələsidir”, - deyə Oleksiy Kuleba əlavə edib.