Deputat: 2040-cı ilin azərbaycanlısı qalib Azərbaycanın vətəndaşı kimi formalaşacaq
Bakı, 8 may, AZƏRTAC
2040-cı ilin azərbaycanlısı artıq qalib Azərbaycanın vətəndaşı kimi formalaşacaq. O, işğal dövrünü yaşamayan bir nəslin nümayəndəsi olacaq. Nəsillərin təxminən 22 ildən bir dəyişdiyini nəzərə alsaq, bu, Azərbaycanın gələcəyi baxımından olduqca mühüm məsələdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Bakı Slavyan Universitetində (BSU) keçirilən “Yeni dövrün Azərbaycanı” XVII beynəlxalq elmi konfransında deyib.
“Azərbaycanda tez-tez “Qarabağa böyük qayıdış” ifadəsi işlədilir. Lakin əsl böyük qayıdış 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə dönüşü idi. Qarabağın yenidən qurulması prosesi də məhz Heydər Əliyev dövlətçilik məktəbinin prinsipləri əsasında həyata keçirilməlidir”, - deyə deputat vurğulayıb.
“Qarabağı Heydər Əliyev kimi qurmaq” ifadəsinin ictimai və siyasi gündəliyə gətirilməsinin vacibliyini vurğulayan Zahid Oruc qeyd edib ki, Ulu Öndər vaxtilə Ağdamdan Kəlbəcərə, Zəngilandan Qubadlıya qədər bütün bölgələrin sosial-iqtisadi inkişafında və quruculuq prosesində bilavasitə iştirak edib.
Komitə sədri əlavə edib ki, bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri də Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının davamıdır. Onun fikrincə, formalaşan yeni nəsil Qarabağı yalnız zəfər, inkişaf və milli həmrəylik simvolu kimi tanıyacaq.