Azərbaycanın inkişaf modeli fəlsəfənin əsasında Ulu Öndər Heydər Əliyevin siyasi irsi dayanır
Bakı, 8 may, AZƏRTAC
Bu gün Azərbaycan həm tarixi inkişafı, həm beynəlxalq münasibətlər sistemi, həm də xalqlararası əlaqələr baxımından dünyanın önəmli ölkələrindən birinə çevrilib. Sevindirici haldır ki, ölkənin inkişaf modeli dərin fəlsəfi əsaslara söykənir və bu fəlsəfənin əsasında Ulu Öndər Heydər Əliyevin siyasi irsi dayanır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Bakı Slavyan Universitetində (BSU) keçirilən “Yeni dövrün Azərbaycanı” XVII beynəlxalq elmi konfransda deyib.
O bildirib ki, Heydər Əliyevin şəxsiyyəti ilə Azərbaycanın dövlətçilik prinsipləri arasında xüsusi bir vəhdət mövcuddur: “Ulu Öndər yalnız böyük siyasətçi deyil, həm də dahi natiq idi və milli maraqları hər zaman ən yüksək səviyyədə müdafiə edirdi. Azərbaycanın bugünkü xarici siyasət kursu bütün dövlətlərlə normal və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qurulmasına yönəlib. Bu yanaşma Ermənistanla münasibətlərdə də özünü göstərir və Azərbaycan bu sülh paradiqmasını beynəlxalq ictimaiyyətə təqdim edir”.
O vurğulayıb ki, müasir Azərbaycanın dövlətçilik fəlsəfəsi, siyasi kursu və inkişaf istiqamətləri birbaşa Heydər Əliyevin irsindən qaynaqlanır: “Bu irsin əsas xüsusiyyətlərindən biri isə müasirlikdir. Heydər Əliyev ən müasir azərbaycanlı idi. O, Azərbaycanı müasir dünyaya, qabaqcıl texnologiyalara və dövrünün ən iri enerji layihələrinə gətirən lider olub. Həmin dövrdə bir çoxlarının mümkünsüz hesab etdiyi neft və qaz layihələri məhz onun uzaqgörən siyasəti nəticəsində reallaşdı və Azərbaycan tamamilə yeni inkişaf mərhələsinə qədəm qoydu”.