Aktauda Ümummilli Lider Heydər Əliyevin xidmətlərindən danışılıb
Astana, 8 may, AZƏRTAC
Qazaxıstanın Aktau şəhərində Ş.Yessenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunan “Açıq dərs” təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Yessenov Universitetində müxtəlif təhsil proqramları üzrə təhsil alan tələbələr, professor-müəllim heyəti və diaspor nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Mərkəzinin direktoru İlkin Orucov dahi şəxsiyyət Heydər Əliyevin zəngin həyat yolu, çoxşaxəli dövlətçilik fəaliyyəti və ölkəmizin beynəlxalq nüfuzunun yüksəldilməsindəki əvəzsiz xidmətləri haqqında ətraflı məruzə edib.
Mərkəzin rəhbəri xüsusi olaraq vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının görkəmli liderlərindən biri kimi Qazaxıstan-Azərbaycan dostluğunun və strateji tərəfdaşlıq münasibətlərinin möhkəm təməllərini yaradıb.
“Açıq dərs” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycanın iqtisadi, siyasi və mədəni inkişafındakı rolunu əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbirin sonunda müxtəlif fakültələrin tələbələri Ulu Öndər Heydər Əliyevin irsi ilə bağlı fikirlərini bölüşüblər. Qeyd olunub ki, bu cür tədbirlər gənc nəsil arasında ortaq tarixi dəyərlərin təbliği və iki ölkə arasındakı humanitar əlaqələrin inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edir.