Azərbaycan regionda sabitlik yaradan və qaydaları müəyyən edən dövlətdir - ŞƏRH
Bakı, 8 may, AZƏRTAC
İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı Cənubi Qafqazın diplomatik tarixində xüsusi bir mərhələ kimi yadda qaldı. Azərbaycan Prezidenti İlham Əliyevin sammitə Bakıdan videokonfrans vasitəsilə qatılması və etdiyi çıxış həm regionun gələcəyi, həm də Avropa institutları ilə münasibətlər baxımından dərin analitik əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının bu addımı Azərbaycanın rasional və uzaqgörən xarici siyasət kursunun göstəricisidir. Prezident nümayiş etdirdi ki, Azərbaycan regionda gərginlik ocaqlarının söndürülməsində və sülhün institusionallaşmasında birbaşa maraqlıdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Tural İsmayılov söyləyib.
O bildirib ki, Azərbaycanın xarici siyasət strategiyası hər zaman balanslaşdırılmış və milli maraqlara söykənən prinsiplər üzərində qurulub. Bunun bariz nümunəsi kimi, 2025-ci ildə Tirana sammiti zamanı aparılan müzakirələri göstərmək olar. Prezident İlham Əliyev İrəvanın ev sahibliyinə konstruktiv yanaşaraq, buna mane olmadı, lakin bərabərhüquqlu tərəfdaşlıq naminə 2028-ci il sammiti üçün Bakının namizədliyini irəli sürdü.
Bu gün 2028-ci il sammitinin Azərbaycanın ev sahibliyi ilə keçirilməsinə Ermənistanın da dəstək verməsi Bakının "yumşaq güc" diplomatiyasının və sülh gündəliyinin real nəticəsidir.
"Çıxışda ən vacib tezislərdən biri "sülh şəraitində yaşamağı öyrənmək" prosesidir. Prezident vurğuladı ki, ötən ilin avqustunda Vaşinqtonda imzalanmış Birgə Bəyannamədən keçən doqquz ay ərzində tərəflər artıq sülhün bəhrələrini görməyə başlayıblar. Azərbaycanın Ermənistana qarşı tətbiq edilən tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırması indiyədək Ermənistana Azərbaycan ərazisi vasitəsilə yüklərin daşınması və Azərbaycanın neft məhsullarının bu ölkəyə ixrac edilməsi sülhün, sadəcə, kağız üzərində deyil, iqtisadi arteriyalarda canlandığını göstərir. Bakı bununla mesaj verir ki, iqtisadi asılılıq və qarşılıqlı maraqlar sülhün ən böyük təminatçısıdır. Xüsusilə "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsi təkcə region üçün deyil, bütün Avrasiya üçün yeni bir nəfəslikdir. Azərbaycan bu marşrutla Ermənistanı da regional izolyasiyadan çıxarmağa hazır olduğunu bir daha təsdiqlədi",- deyə T. İsmayılov vurğulayıb.
Politoloqun sözlərinə görə, Azərbaycan lideri Aİ Şurası ilə konstruktiv əməkdaşlıqdan danışsa da, AŞPA və Avropa Parlamentinin qərəzli mövqeyini növbəti dəfə sərt şəkildə ifşa etdi. O, ikili standartların qəbuledilməzliyini qətiyyətlə bildirdi. Avropa Parlamentinin sülh prosesini sabotaj edən qətnamələri və AŞPA-nın sanksiya cəhdləri qarşısında Bakının qətiyyətli duruşu dövlətimizin öz suverenliyini heç bir kənar təzyiqə qurban verməyəcəyinin nümayişidir.
"Prezident İlham Əliyev bir daha sübut etdi ki, Azərbaycan regionda sabitlik yaradan və qaydaları müəyyən edən dövlətdir. Bakının mesajı aydındır: Biz sülhə hazırıq, lakin bu sülh ədalətli, qarşılıqlı hörmətə əsaslanan və manipulyasiyalardan uzaq olmalıdır", - deyə o əlavə edib.