Milli Qəhrəman Albert Aqarunovun xatirəsi anılıb
Bakı, 8 may, AZƏRTAC
Mayın 8-i Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şəhid olduğu gün ilə əlaqədar Şəhidlər xiyabanında anım mərasimi keçirilib.
AZƏRTAC verir ki, Milli Qəhrəmanın ailə üzvləri, cəbhə yoldaşları, eləcə də şəhid ailələri, qazilər, müvafiq qurumların təmsilçiləri, ictimaiyyət nümayəndələri və başqaları Albert Aqarunovun Şəhidlər xiyabanındakı məzarını ziyarət ediblər.
Tədbirdə Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev Albert Aqarunovun timsalında bütün şəhidlərin xatırlandığını diqqətə çatdırıb:" Albert də daxil olmaqla Şuşa dağlarını qalxan qəhrəman övladlarımızın xatirəsini yad edirik. Allah dövlətimizdən, xalqımızdan razı olsun ki, heç bir şəhid yaddan çıxmır".
Veteran Tankçılar İctimai Birliyinin sədri Hacı Əzimov bildirib ki, Albert Aqarunov nəinki Azərbaycan xalqının, dünyanın bütün azadlıqsevər insanlarının qəhrəmanıdır. Milli Qəhrəmanın adının yaşadılması üçün görülən işlərin təqdirəlayiq olduğunu vurğulayan Hacı Əzimov bu kateroqiyadan olan şəxslərin, o cümlədən qazilərin və müharibə veteranlarının dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd edib.
Tədbirdə çıxış edən digər natiqlər də Milli Qəhrəmanın keçdiyi şərəfli həyat yolundan və döyüşlərdə göstərdiyi şücaətdən danışıblar.
Müxbir - Nailə Həsənova