Praqada Azərbaycanda Rəqabət Məcəlləsinin tənzimləmə mexanizmləri barədə məlumat verilib
Bakı, 8 may, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şöbə müdiri Şəmsi Rzalı Praqa şəhərində Beynəlxalq Rəqabət Şəbəkəsinin (ICN) Hökmran mövqe üzrə işçi qrupunun 12-ci seminarında iştirak edib.
Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, seminarda rəqabət sahəsində ölkələrarası təcrübə mübadiləsinin təşviqi, bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi və müvafiq bazarlarda hökmran mövqenin təhlili kimi aktual məsələlərə dair üzv dövlətlərin rəqabət orqanlarının praktiki yanaşmalarından bəhs edilib.
Tədbir zamanı agentliyin nümayəndəsi “Müvafiq bazarın müəyyən edilməsi və hökmran mövqe anlayışı” mövzusunda plenar sessiyada məruzəçi qismində çıxış edib, Azərbaycanda Rəqabət Məcəlləsinin qəbulu, tətbiq dairəsi və tənzimləmə mexanizmləri barədə ətraflı məlumat verib. Həmçinin hökmran mövqe vəziyyətinin təsbit edilməsi üçün əsas meyarlar, təbii inhisarlara dövlət nəzarəti, Agentliyin bu sahədə səlahiyyətləri və fəaliyyət istiqamətləri diqqətə çatdırılıb.
Sonda sessiya iştirakçılarının sözügedən mövzu ətrafında sualları cavablandırılıb, qaldırılan məsələlərə dair izahlar verilib.