Qlobal iqtisadi mühitdə risklər artır və tranzit marşrutların şaxələndirilməsi zərurətə çevrilir – ŞƏRH
Bakı, 8 may, AZƏRTAC
Dünya iqtisadiyyatının inkişafında, həmçinin inteqrasiyada qloballaşma və əhəmiyyətli rol oynayan dünya ticarət təşkilatlarının artıq tənzimləmə gücü zəifləyir və müəyyən etdiyi çərçivələr sarsılır. Bu da investisiya qoyuluşlarında ciddi formada öz mənfi təsirlərini göstərir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında sosial-iqtisadçı ekspert Rəşad Həsənov bildirib.
Onun sözlərinə görə, investorlar daha ehtiyatlı davranmağa məcbur qalırlar və bu problem mütləq həll olunmalıdır.
“Görünən ondan ibarətdir ki, hər hansı bir coğrafiyadan, yəni keçiddən asılılığın yaratdığı çox ciddi risklər vardır. Postmüharibə dövründə artıq qlobal bazarın iştirakçıları tranzit marşrutların şaxələnməsi ilə bağlı ciddi yanaşmalar ortaya qoymalıdır ki, burada artıq Azərbaycanın da bu və ya digər şəkildə prosesdə iştirakı, həmçinin bu prosesdən faydalanmaq imkanı var. Ölkəmizdə hazırda bir neçə tranzit dəhliz var ki, onlar vasitəsilə yaranmış yeni konyunkturda Azərbaycan daha əlverişli şərtlər və imkanlar təklif etməklə müəyyən bir fayda əldə edə, eyni zamanda, geosiyasi mövqeyini də bu istiqamətdə gücləndirə bilər.
Düşünürəm ki, qlobal iqtisadi mühitin mühüm oyunçularından biri hesab edilə biləcək İranın potensialından necə istifadə olunacağı, sanksiyaların aradan qalxıb-qalxmayacağı və ölkənin qlobal iqtisadiyyatın əsas oyunçularından birinə çevrilib-çevrilməyəcəyi hələ də sual altındadır. Belə olarsa, təbii ki, İranın kifayət qədər resursu var və bu resursun səmərəli şəkildə istifadə edilməsi həm region, həm də qlobal iqtisadiyyata və investisiya səmərəliliyinə, axınların dinamikasına öz təsirlərini göstərə bilər. Kifayət qədər fərqli istiqamətlərdə əlverişli biznes mühitinin formalaşdırılması, birbaşa zərər görən subyektlərin zərərlərinin kompensasiyası mexanizmlərinin ortaya qoyulması, daha əlçatan monetar siyasətin həyata keçirilməsi qısamüddətli dövrdə də olsa ekspansiv siyasətlərlə əslində biznes və iqtisadi aktivliyinin dəstəklənməsi də çağırışlardan biridir”,- deyə o bildirib.
Ekspert əlavə edib ki, əsas məsələlərdən biri də süni intellekt texnologiyalarının qlobal iqtisadiyyata və onun inkişaf meyillərinə, xüsusilə məşğulluq və istehlak qabiliyyətinə təsirinin müəyyən müddət ərzində tənzimlənmiş şəkildə ötürülməsi üçün mexanizmlərin hazırlanmasıdır: “Əks halda bu, ciddi şəkildə qarşısı alınmayacaq bir prosesin başlamasını və gəlirlərin ədalətsiz şəkildə bölüşdürülməsi, eyni zamanda, iqtisadi resessiya risklərinin artmasına gətirib çıxara bilər”.