Monqolustanlı nazir: Azərbaycanla imzaladığımız saziş birbaşa uçuşların açılmasına hüquqi zəmin yaradır
Leypsiq, 8 may, AZƏRTAC
Beynəlxalq Nəqliyyat Forumunun (BNF) builki Sammiti Azərbaycanın sədrliyi ilə yüksək səviyyədə təşkil olunub. Sammitin belə uğurlu təşkili münasibətilə Azərbaycanı təbrik edirəm.
Bu barədə Leypsiqdə Azərbaycanın sədrliyi ilə keçirilən ITF-in İllik Sammitində iştirak edən Monqolustanın yol və nəqliyyat naziri Borxu Delgersayxan AZƏRTAC-a və Azərbaycan Televiziyasına açıqlaması zamanı deyib.
“Bu sammit çərçivəsində Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ilə görüşdüm və iki ölkə arasında hava əlaqəsi haqqında hökumətlərarası saziş imzaladıq. Bu sazişin imzalanması aviasiya sektorunda əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən ölkələrimiz arasında birbaşa uçuşların açılması üçün hüquqi zəmin yaradır. Biz, həmçinin yaxın gələcəkdə iki ölkə arasında avtomobil nəqliyyatı əlaqələri haqqında sazişin bağlanması barədə razılığa gəldik. Azərbaycan Asiya ilə Avropanı birləşdirən, Orta Dəhliz üzərində yerləşən mühüm tranzit ölkəsidir və Monqolustan bu dəhlizə qoşulmağı planlaşdırır. İnanıram ki, bu, qədim və ənənəvi qardaşlıq münasibətlərinə malik olan ölkələrimizi bir-birinə daha da yaxınlaşdıracaq”, - deyə nazir Borxu Delgersayxan qeyd edib.