Şamaxıda “Ulu Öndər Heydər Əliyev və dövlət qadın siyasəti” sənədli filmi nümayiş olunub
Şamaxı, 8 may, AZƏRTAC
Şamaxıda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev və dövlət qadın siyasəti” adlı konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfrans çərçivəsində "Ulu Öndər Heydər Əliyev və dövlət qadın siyasəti” mövzusunda sənədli film nümayiş olunub.
Çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatları Tamam Cəfərova, Mehriban Vəliyeva, Elçin Mirzəbəyli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin əməkdaşı Aytəkin Quliyeva, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun Siyasətin fəlsəfəsi və sosiologiyası şöbəsinin müdiri, professor Rəna Mirzəyeva, “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” İctimai Birliyinin İdarə heyətinin sədri Səkinə Babayeva, rayon Ağsaqqallar Şurasının üzvü, həkim Nəzakət Abdulrazaqova və tədbirin keçirildiyi Şamaxı Avropa Liseyinin direktoru vəzifəsini icra edən Sahil Şirinov Azərbaycan qadınının cəmiyyətimizdəki rolundan danışıblar.
Tədbirdə müasir Azərbaycan qadınını dünyada ləyaqətlə təmsil edən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti yüksək qiymətləndirilib. Vətənə və xalqa xidməti həyat amalına çevirən Mehriban xanımın nəcibliyi və xeyirxah əməlləri ilə əsl Azərbaycan xanımının siması olduğu xüsusi vurğulanıb. Həmçinin Ümummilli Liderin ideyalarının reallaşdırılması və zəngin dövlətçilik irsinin dünyada tanıdılması məqsədilə yaradılan Heydər Əliyev Fondunun fəaliyyətinə toxunulub. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində inşa olunan və konfransa ev sahibliyi edən Şamaxı Avropa Liseyinə görə rayon sakinləri adından dərin minnətdarlıq ifadə edilib.
Sonda Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinin şagirdlərinin ifasında konsert proqramı nümayiş olunub.
Müxbir - Rəşad Türkoğlu