Ankaradakı Heydər Əliyev adına məktəbdə Ulu Öndərin xatirəsi anılıb
Ankara, 8 may, AZƏRTAC
Mayın 8-də Ankaradakı Heydər Əliyev adına orta məktəbdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə diplomatlar, Ankaranın Yenimahalle Təhsil şöbəsinin rəhbərliyi və işçiləri, iki qardaş ölkənin ictimaiyyətinin nümayəndələri, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Tədbiri açan məktəbin direktoru Ahmet Sürezli Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulması və inkişafına, ölkənin beynəlxalq nüfuzunun artmasına verdiyi töhfəni diqqətə çatdıraraq qeyd edib ki, Ulu Öndər iki qardaş dövlət arasında əməkdaşlığın dərinləşməsində əvəzsiz xidmətlər göstərib. O, müasir Azərbaycanın Heydər Əliyevin həyat ideallarını təcəssüm etdirdiyini vurğulayıb.
Yenimahalle Təhsil şöbəsinin müdiri Erhan Pelitoğlu Heydər Əliyevin təhsilə xüsusi qayğısından bəhs edib. O bildirib: “Biz Ulu Öndərin irsini heç vaxt unutmayacağıq, onun nuru Türk dünyasında yeni nəsillərin yolunu işıqlandırmaqda davam edir”.
Azərbaycan səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova isə Heydər Əliyevin tarixi nailiyyətlərindən danışıb: “Ümummilli Liderin uzaqgörənliyi və qətiyyəti müstəqilliyini bərpa etdikdən sonra respublikanın üzləşdiyi təhdid və çətinliklərin öhdəsindən gəlməyə imkan verib. Məşhur “Bir millət, iki dövlət” kəlamının müəllifi Türkiyə və Türk dünyası ilə əlaqələrə xüsusi diqqət yetirib”. O, Azərbaycan xalqının öz Vətənini səmimi-qəlbdən sevən bu müdrik dövlət xadiminin xatirəsini əziz tutduğunu vurğulayıb.
Təhsil müşaviri qeyd edib ki, Ulu Öndərin siyasi kursu onun layiqli davamçısı, Prezident və Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daha sonra Azərbaycan dövlətçiliyinin memarının xatirəsinə həsr olunmuş müsabiqələrin qalibləri üçün musiqi proqramı və mükafatlandırma mərasimi keçirilib.
Məktəbin foyesində şagirdlərin Türkiyə-Azərbaycan dostluq və qardaşlığının sarsılmazlığı mövzusunda əsərləri nümayiş etdirilib.