Mütəxəssis: Talassemiyanın yayılmasının qarşısını almaq mümkündür
Bakı, 8 may, AZƏRTAC
Nikahöncəsi tibbi müayinə irsi və yoluxucu xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır. Bu müayinələrin məqsədi evlənəcək cütlüklərin sağlamlığını qorumaqla yanaşı, gələcək nəsillərdə irsi xəstəliklərin yaranma riskini azaltmaqdır. Nikahöncəsi müayinənin vacibliyi ondan ibarətdir ki, talassemiya və digər irsi xəstəliklərin daşıyıcılığı halları aşkarlandıqda cütlüklərin xəstə uşağa sahib olma ehtimalı əvvəlcədən müəyyən edilir.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin hematoloqu Vüqar Şirzadov deyib.
O qeyd edib ki, müayinələr vasitəsilə daşıyıcıların aşkarlanması və onlara məsləhət verilməsi xəstə uşaqların doğulmasını əhəmiyyətli dərəcədə azaldır. Cütlüklər müayinədən keçərək sağlam ailə planlaması aparmaq imkanı əldə edirlər. İrsi xəstəliklərin qarşısının alınması uzunmüddətli perspektivdə cəmiyyətin sağlamlıq səviyyəsini yüksəldir.
Hematoloq qeyd edib ki, talassemiya qarşısı alına bilən genetik xəstəlikdir: “Bunun üçün əsas şərt cəmiyyətin düzgün məlumatlandırılması və nikah öncəsi müayinələrin müntəzəm aparılmasıdır. Bu müayinələrin köməyi ilə həm fərdi, həm də ictimai sağlamlıq qorunur, irsi xəstəliklərin yayılması əhəmiyyətli dərəcədə azalır. Azərbaycanda talassemiyalı pasiyentlərə göstərilən tibbi xidmətlər müasir standartlara cavab verir. Ölkəmizdə fəaliyyət göstərən Talassemiya Mərkəzində uyğun donor tapılan 200-dən artıq xəstəyə sümük iliyi transplantasiyası aparılıb və onlar sağlam həyata qayıdıblar. Əsas məqsədimiz talassemiyalı pasiyentlərin həyat keyfiyyətini yüksəltmək, ömürlərini uzatmaq və bu xəstəliklə doğulan uşaqların sayını minimuma endirməkdir. Dövlətin və cəmiyyətin birgə səyləri ilə talassemiyanın yayılmasının qarşısını almaq mümkündür”.
Qeyd edək ki, mayın 8-i Beynəlxalq Talassemiya Günüdür. Hər il dünyada qeyd olunan bu gün talassemiya xəstəliyindən əziyyət çəkən insanların problemlərinə diqqət çəkmək, cəmiyyətdə maarifləndirməni gücləndirmək məqsədi daşıyır.