Şahmat şərhçisi Nikolay Popov Vüqar Həşimov Memorialının nəticələri barədə
Bakı, 2 may, AZƏRTAC
Dünyanın yüksək reytinqli 10 qrossmeysterinin iştirakı ilə Azərbaycanın Şəmkir şəhərində təşkil olunan kişilər arasında turnir - Vüqar Həşimov Memorialı başa çatıb. Doqquz turdan ibarət turnir dairəvi sistemdə keçirilib.
AZƏRTAC “stadion.ru” saytına istinadla xəbər verir ki, beynəlxalq usta, şahmat şərhçisi Nikolay Popov turnirin nəticələri barədə fikirlərini bölüşüb.
“Turlardan 3-nü qələbə və 6-sını heç-heçə başa vuran hazırkı dünya çempionu norveçli Maqnus Karlsen turniri birinci başa vurub. Yekun protokolda ondan bir qələbə az qazanan çinli qrossmeyster Dinq Liren ikinci, bir qələbə və 8 heç-heçə ilə rusiyalı Sergey Karyakin isə üçüncü yerdə oldu.
Maraqlıdır ki, sıfır nəticə, yəni bir neçə heç-heçə partiya yalnız dördüncü turda pozuldu. Halbuki mübarizə başlanğıcdan aparılırdı. Bu məqamda üçüncü dünya çempionu Kapablankanın ötən əsrin 20-ci illərində “heç-heçələr şahmatı öldürür” sözlərini xatırlatmaq yerinə düşər.
İlk qələbə dördüncü turda qazanıldı. Bunu yarışların qocaman iştirakçısı - 43 yaşlı bolqarıstanlı Veselin Topalov etdi. O, dünya reytinqində Maqnus Karlsendən sonra ikinci sırada qərarlaşan ev sahibi Şəhriyar Məmmədyarovu üstələdi. Ertəsi gün də qalib gələn Veselin Topalov yeddinci turda dünya çempionu ilə görüşdə büdrədi. Əhvalı pozulan Topalov rəqiblərinə daha iki dəfə, o cümlədən turnirin sonuna az qalmış Sergey Karyakinə uduzdu.
Qalibə gəlincə, onun startdakı oyununu izləyərkən adama elə gəlirdi ki, o, özünün yaxşı formasında deyil. Lakin o, turnirin gedişində özünü “dəyişdirməyi” bacarır və bunu da sonda etdi. Şahmatçıda bu mühüm xüsusiyyət məhz Karlsenə uyğundur.
Vaxtilə dünya çempionu Vasili Smıslov yazırdı: “Ən yüksək səviyyəli şahmatçı həm yaxşı, həm də pis formada ola bilər, lakin o, müəyyən edilmiş dərəcədən heç vaxt aşağı enməz”.
Bu, sözün əsl mənasında, norveçliyə aiddir. İlk partiyada oyunu “bağlaya” bilməsə də, sonda bunu etdi. Həm də Karlsen bu turnirdə noyabr ayında dünya çempionu adı uğrunda amerikalı Fabiana Karuana ilə keçirəcəyi görüş üçün nəzərdə tutduğu debüt tədarüklərini nümayiş etdirmədi. Ola da bilsin ki, qəsdən elə gedişlərdən istifadə etdi ki, bunlar noyabr matçında olmaya bilər. O, bunu ondan ötrü edə bilər ki, namizədi boş vaxt itirməyə, burada oynanılan debüt variantlarının araşdırılmasına təhrik etsin.
Dünya çempionundan çəkinirlər, hətta ona qarşı ağ fiqurlarla oynasalar da, bəziləri oyunu “quru keçirərək” heç-heçə can atırlar. Belə anlarda Maqnus Karlsen riskə gedir. Bu da hər dəfə özünü doğrultmur. Əgər ağ fiqurlarla oynayan özü udmağa səy göstərirsə, o zaman qələbəyə hansısa şans yaranır. Beşinci turda ilk qələbədən sonra dünya çempionu çox güclü idi və yekunda Şəmkirdə özünün layiqli qələbəsinə nail oldu.
Sergey Karyakin bu yaxınlarda keçirilən iddiaçıların turnirindəki kimi burada da üçüncü yeri tutdu. Həmin oyunda uğursuz start götürən (ilk üç turda cəmi yarım xal) S.Karyakin sonra fəallaşdı. Ona, yəqin, oyunda daha çox müxtəliflik tələb olunur. Qeyd edim ki, rəqiblərindən bəzisi ondan ehtiyatlanır. Karlsenlə oynadıqları kimi, hətta ağ fiqurlarla da heç-heçəyə meyil edir, Karyakini riskə məcbur edirlər.
Hesab etmək olar ki, Sergey Karyakin normal çıxış edib. Üçüncü yer müvəffəqiyyətsizlik deyil, layiqli nəticədir. Düşünürəm ki, o, iddiaçılar turnirindən sonra əvvəlki halına tam qayıtmayıb”, - deyə Nikolay Popov bildirib.