Şahnaz Kamalova: Peterburqda Azərbaycan dilini tədris etmək mənim üçün həm peşə, həm də mədəni missiyadır
Sankt-Peterburq, 20 iyun, AZƏRTAC
Sankt-Peterburq Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Şahnaz Kamalova uzun illərdir Rusiyanın ən qədim və nüfuzlu ali təhsil müəssisələrindən birində Azərbaycan dilini tədris edir. Bu ildən etibarən o, universitetdə türk dilinin də tədrisinə başlayıb. Eyni zamanda, Sankt-Peterburqda Azərbaycan dili, ədəbiyyatı və mədəniyyətinin tanıdılması istiqamətində müxtəlif layihələr həyata keçirir.
AZƏRTAC-ın müxbiri Şahnaz Kamalova ilə Sankt-Peterburq Dövlət Universitetində Azərbaycan dilinin tədrisi, tələbələrin türk dillərinə marağı və Azərbaycan mədəniyyətinin Rusiyada təbliği barədə söhbət edib.
- Şahnaz xanım, uzun illərdir Rusiyanın ən qədim ali təhsil müəssisələrindən biri olan Sankt-Peterburq Dövlət Universitetində Azərbaycan dilini tədris edirsiniz. Bu yola necə başladınız və tədqiqat sahəsi kimi türk filologiyasını seçməyiniz nə ilə bağlıdır?
- Mən Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişəm. Həm bakalavr, həm magistr pilləsini bu elm ocağında fərqlənmə diploma ilə başa vurmuşam. Sonra ailə vəziyyətimlə əlaqədar Sankt-Peterburq şəhərinə köçdüm. Köçdükdən bir müddət sonra burada təhsilimi və karyeramı davam etdirmək qərarına gəldim. İxtisasım Azərbaycan dili və ədəbiyyatı olduğu üçün ən uyğun fakültə Şərqşünaslıq fakültəsi idi. Şərqşünaslığın dünyada, eləcə də Rusiyada ən qədim, mötəbər mərkəzlərindən birinin Sankt-Peterburq Dövlət Universitetində yerləşdiyini bilirdim. Yeri gəlmişkən, bu fakültənin yaradılmasında müstəsna əməyi olan, fakültənin ilk dekanı Mirzə Kazım bəyin həmvətənimiz olduğu da hamıya məlumdur. Mən də bu fakültəyə, mənim ixtisasıma uyğun olan Türk filologiyası fakültəsinə üz tutdum. Bir müddət azad dinləyici kimi dərslərdə iştirak etdim, rus dilini akademik səviyyədə öyrənməyə başladım, aspiranturaya qəbul olundum, professor Viktor Quzevin rəhbərliyi altında Orxon-Yenisey abidələrinin sintaksisinə həsr olunmuş dissertasiya üzərində işləməyə başladım. V.Quzev vəfat etdiyi üçün elmi işimi dosent Nikolay Nikolayeviç Teliçinin rəhbərliyi altında müdafiə edib elmi dərəcə aldım. İndi də vaxtilə aspirant olduğum kafedrada baş müəlliməm.
- Sankt-Peterburq Dövlət Universitetində Azərbaycan dili necə təmsil olunur? Tələbələr arasında dilimizə və ümumilikdə türk dillərinə marağı necə qiymətləndirirsiniz?
– Şərqşünaslıq fakültəsində Azərbaycan dili həm Türk filologiyası kafedrasında, həm də Mərkəzi Asiya və Qafqaz kafedrasında tədris olunur. Mərkəzi Asiya və Qafqaz kafedrasında Azərbaycan tarixi ixtisası olduğu üçün burada Azərbaycan tarixi, dili, ədəbiyyatı, mədəniyyəti daha ətraflı öyrədilir. Türk filologiyası kafedrasının tələbələrinə isə Azərbaycan dili ikinci türkdili kimi tədris olunur. Türk dillərinə, ələlxüsus da Türkiyə türkcəsinə maraq böyükdür və tələbələr həvəslə öyrənirlər. Bütövlükdə Azərbaycana, o cümlədən Azərbaycan dilinə də maraq və həvəs var. Əlimizdən gələni edirik ki, bu həvəs artsın.
- Sizin tələbələriniz kimlərdir? Onları Azərbaycan dilini öyrənməyə daha çox nə cəlb edir: mədəniyyətimiz, tariximiz, regiona maraq, yoxsa gələcək peşə imkanları?
- Tələbələr, adətən, Rusiya vətəndaşları olurlar. Milli kimliklərinə gəlincə, müxtəlifdir. Niyyətlər, məqsədlər də fərqli olur. Tələbələrin arasında Rusiyada doğulub böyüyən, amma Azərbaycanəsilli olanlar da olur, məhz Azərbaycanı öyrənmək üçün bu fakültəyə gələnlər də, təsadüfi buraya qəbul olunanlar da. Mən tələbələrimdən razıyam. Onların arasında məhz Azərbaycanşünaslıq üzrə magistratura pilləsində təhsilini davam etdirənlər də var.
- Dilin tədrisi yalnız qrammatika və söz ehtiyatından ibarət deyil. Siz tələbələrinizi Azərbaycan ədəbiyyatı, tarixi və ənənələri ilə necə tanış edirsiniz?
- Tamamilə doğrudur. Təkcə dili öyrənməklə istənilən xalqı ətraflı tanımaq olmaz. Mərkəzi Asiya və Qafqaz kafedrasında bir istiqamət məhz Azərbaycana həsr olub. Azərbaycan tarixi, həm dili, ədəbiyyatı, etnoqrafiyası, mədəniyyəti ətraflı öyrədilir. Məsələn, tələbələr nağıllarımızın əsasında səhnəciklər hazırlayır, şeir müsabiqələrində iştirak edir, Sankt-Peterburqda keçirdiyim müxtəlif tədbirlərdə məruzələrlə, şeir deməklə və mahnı ifa etməklə iştirak edirlər. Təbii ki, bunların hamısı azərbaycanca olur. Onlar hələ bakalavr pilləsindən başlayaraq elmi konfranslarda Azərbaycanla bağlı məruzələr edir, elmi məqalələr çap etdirirlər. Biz azərbaycanlı alimlərlə, yazıçı və şairlərlə canlı və ya onlayn görüşlər keçiririk.
Tələbələrimizlə Azərbaycana da səfər etmişik, Bakıda, Xankəndidə, Şuşada, Şəkidə, Qəbələdə olmuşuq. Tarixi məkanları gəzib abidələrlə tanış olmuşuq. Tələbələr yerli sakinlərlə azərbaycanca danışaraq öz dil biliklərini praktikada da tətbiq ediblər. Türk filologiyası kafedrasının tələbələri də Azərbaycan dilini və ədəbiyyatını öyrənir, müxtəlif tədbirlərdə şeirlər deyir, mahnılar oxuyur, məruzələr edirlər. Məsələn, bu il tələbələrdən birinin kurs işi “Aşıq Qərib” dastanı haqqında idi.
Türk filologiyası kafedrasının builki dördüncü kurs tələbələrim müasir 11 Azərbaycan yazıçının hekayəsini ruscaya çevirib. Tərcümələri toplayıb kitab halında nəşr etdirəcəyik. Ümumilikdə 13 hekayədən ibarət kitab artıq nəşriyyatdadır. Qeyd edim ki, kitabda hekayələr həm azərbaycanca, həm də rusca veriləcək. Bu da həm rusiyalı oxucunun ən yeni Azərbaycan ədəbiyyatı ilə tanış olmasına imkan yaradacaq, həm də dilimizi öyrənən rusdillilərə vəsait olaraq kömək edəcək.
- Sankt-Peterburq Azərbaycan ziyalılarının həyatında xüsusi yer tutan şəhərlərdən biridir. Bu tarixi əlaqələr bu gün nə dərəcədə hiss olunur?
- Elədir. Sankt-Peterburqun azərbaycanlıların həyatında mühüm yeri var. Məsələn, Rusiyanın ilk Ali məktəbi olan Sankt-Peterburq Dövlət Universitetinin ilk müsəlman professoru azərbaycanlı Mirzə Cəfər Topçubaşov olub. M.C.Topçubaşov təqaüdə getdikdən sonra daha bir həmyerlimiz - Mirzə Kazım bəy. Kazandan onun yerinə dəvət olunub və universitetdə Şərqşünaslıq fakültəsinin əsasını qoyaraq, onun ilk dekanı təyin edilib. Cümhuriyyətimizi quranların çoxu, məsələn, Əlimərdan bəy Topçubaşov, Əliağa Şıxlinski və başqaları Sankt-Peterburqda təhsil alıb, çalışıblar. İmperatorun yeganə müsəlman adyutantı olmuş general Hüseyin xan Naxçıvaniski də azərbaycanlıdır.
Üzeyir bəy Hacıbəyli “Arşın mal alan”ı operettasını 1913-cü ildə Sankt-Peterburqda yazıb. Elə 1941-ci ildə, İkinci Dünya müharibəsinin qızğın vaxtında Ermitajda dahi Nizami Gəncəvinin 800 illiyinin qeyd olunmasını da xatırlamaq yerinə düşər. İndi Peterburqda Nizaminin heykəli də ucaldılıb. Bu ənənə bu gün də davam etdirilir. Azərbaycanəsilli alimlər Peterburq universitetində çalışır, incəsənət xadimlərimiz Mariniski Teatırında və digər yerlərdə işləyirlər. Amma mən açıq demək istəyirəm, daha fəal ola, daha çox iş görə bilərik. Görülməli işlər çoxdur. Biz həm bizdən öncə Peterburqda yaşayıb fəaliyyət göstərmiş azərbaycanlıların adlarını əbədiləşdirməli, onları müasir nəslə tanıtmaq üçün çalışmalı, həm də özümüz əməllərimizlə iz qoymalıyıq.
- Son illərdə Azərbaycan mədəniyyətinin tanıdılması istiqamətində müxtəlif layihələr həyata keçirirsiniz. Bu tədbirlər və onların peterburqlular tərəfindən necə qarşılanması barədə danışmağınızı istərdik.
- Peterburqda 2014-cü ildən bəri Azərbaycanla bağlı müxtəlif tədbirlər keçirirəm. 2014-cü ildə uşaqlar üçün Azərbaycan dilini, ədəbiyyatını, tarixini öyrədən pulsuz kurs açdım. Təəssüf ki, o kursun ömrü uzun olmadı. Elə həmin ildən V.V. Mayakovski adına kitabxana ilə də əməkdaşlığa başladım. Ötən illər ərzində bu kitabxanada 200-ə yaxın tədbir təşkil etmişəm. Bu tədbirlər Azərbaycan dili, ədəbiyyatı, tarixi, mədəniyyəti –ümumiyyətlə, Azərbaycanla bağlı olub. Yeddi ildir həmin kitabxananın nəzdində Azərbaycan dili danışıq klubu fəaliyyət göstərir. Klubun real nəticələri də var.
Bundan başqa, Sankt-Peterburqda “Azərbaycan Respublikası 100” (2018), “Uşaqlar üçün Azərbaycan dili 6-7 yaş” (2021), “Nizami Gəncəvi 880” (2022), “Azərbaycan nəsri antologiyası” (2023) kimi kitablar, elmi məqalələr topluları da nəşr etdirə bilmişəm. Bu ildən Mayakovski kitabxanasından başqa Milli Ədəbiyyatlar Kitabxanası ilə də əməkdaşlıq etməyə, orada da mühazirələr oxumağa başlamışam. Bütün bu tədbirlər peterburqlular tərəfindən çox yaxşı qarşılanıb və həmişə tədbirlərdə kifayət qədər oxucu, dinləyici olub. Kitabxanalarla əməkdaşlığımızın belə davamlı olması da peterburqluların Azərbaycana marağının bariz nümunəsidir. Dəfələrlə olub ki, hansısa tədbirdə yaxınlaşıb deyiblər ki, sizin mühazirənizdən sonra Azərbaycana getdim, çox sevdim, bəyəndim.
Gələn ay da kitabxanada “Azərbaycanın gəzməli-görməli yerləri” adlı mühazirəm olacaq. Mövsümdür, peterburqlulara Azərbaycan haqqında bir daha məlumat vermək lazımdır.
- Uzun illərdir iki mədəni mühitin - Azərbaycan və Rusiya elmi-mədəni məkanının içindəsiniz. Sizin üçün Azərbaycan dilini və mədəniyyətini Sankt-Peterburqda təmsil etmək nə deməkdir və gələcək planlarınızı bölüşməyinizi xahiş edərdim?
- Bu böyük məsuliyyətdir və mən ilk gündən bunun fərqindəyəm. Anlayırsan ki, sənin timsalında Azərbaycanı tanıyırlar. Bəzilərində Azərbaycan və azərbaycanlılar haqqında fikir formalaşdırır, digərlərində formalaşmış hər hansı neqativ fikri dəyişdirməyə cəhd edirsən. Bu, sözlə olmur, əməllə olur. Əməllər isə davamlı olmalıdır. Həm öz milliliyini, təbiiliyini saxlamalısan, həm də yerli mühitin, cəmiyyətin gözləntilərini doğrultmalısan. Ölkədən asılı olmayaraq, xaricdə yaşamaq, həm də akademik çevrədə özünə yer tuta bilmək çətindir. Bunun üçün çox çalışmalı, çox diqqətli və səbirli olmalısan. Və ən önəmlisi, Vətəni sevməli, ona bağlı olmalısan. Sözdə yox, əməldə, işlərinlə göstərməlisən. Xalq diplomatiyası önəmlidir.
Gələcək planlara gəlincə, hazırkı fəaliyyətimi davam etdirmək və genişləndirmək istəyirəm. Sankt-Peterburqda yerləşən digər kitabxanalarla da əlaqə yaratmaq, orada Azərbaycanla bağlı mühazirələr oxumaq, çoxlu kitablar nəşr etdirmək istərdim. Yeri gəlmişkən, yaxın aylarda Peterburqun ən məşhur nəşriyyatlarından birində iki kitab nəşr olunacaq. Biri mənim “Azərbaycan dilinin qrammatikası” kitabımdır, digəri isə tələbələrimin azərbaycancadan ruscaya çevirdiyi hekayələr toplusudur. Bu kitabları həyəcanla gözləyirəm.
Biz çox, həm də planlı çalışmalıyıq. Görməli işlər çoxdur. Nə etsək, nə qədər çalışsaq, yenə azdır.