Şair Qəşəm Nəcəfzadə Quba və Şabranda oxucularla görüşüb
Bakı, 28 sentyabr, AZƏRTAC
Əməkdar mədəniyyət işçisi, tanınmış şair Qəşəm Nəcəfzadə Quba və Şabran rayonlarında oxucularla görüşüb.
AZƏRTAC xəbər verir ki, Quba- Xaçmaz Regional Mədəniyyət İdarəsi və Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin təşkilatçılığı ilə Quba Mərkəzləşdirilmiş Kitabxanasında təşkil olunan görüşdə tanınmış şair Ramiz Qusarçaylı Qəşəm Nəcəfzadənin həyat və yaradıcılığı haqqında danışıb.
Növbəti gün Qəşəm Nəcəfzadə Şabran rayonunda Xəqanı poeziya evində şabranlı oxucularla görüşüb. Poeziya evinin direktoru Aybəniz Əliyar şair haqqında fikirlərini bölüşüb.
Hər iki görüşdə Qəşəm Nəcəfzadə oxucuların çoxsaylı suallarını cavablandırıb, yeni şeirlərini oxuyub və yeni çapdan çıxan kitablarını hədiyyə edib.