Sakuraların çiçəkləmə vaxtı Yaponiyaya qar yağıb
Tokio, 9 aprel, AZƏRTAC
Yaponiyada sakuraların çiçəkləmə dövründə gözlənilmədən qar yağıb.
AZƏRTAC xəbər verir ki, belə bir hadisə son dəfə 17 il bundan əvvəl qeydə alınıb. Fukuoka prefekturasının Yapon dənizi sahillərinə apreldə qış yenidən qayıdıb. Təqribən 7-11 santimetr qalınlığında qarın düşməsi nəticəsində havanın temperaturu müsbət 22 dərəcədən 2-5 dərəcəyədək enib.
“Sora News” saytının yazdığına görə, bu qeyri-adi təbiət hadisəsinin səbəbi Yapon dənizi sahillərinə soyuq hava axınının yaxınlaşması ilə izah edilir. Havanın kəskin dəyişməsi bir çoxlarını təəccübləndirsə də, digərləri bundan bəhrələnərək, çiçək açmış sakura ağaclarının üzərinə qonmuş qar dənələrinin fotolarını çəkməyə çalışıblar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio