Salome Zurabişvili: Gürcüstan dövləti dini konfessiyalara daim diqqət və qayğı göstərir
Tbilisi, 6 fevral, AZƏRTAC
Gürcüstan Prezidenti Salome Zurabişvili fevralın 6-da ölkədə fəaliyyət göstərən dini icmaların rəhbərləri və nümayəndələri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, ölkədəki 11 müxtəlif dini konfessiya nümayəndələri üçün təşkil olunan görüşdə Gürcüstan Müsəlmanları İdarəsini şeyxi hacı Ramin İgidov, idarənin Şəri Gürcüstan üzrə müftisi hacı Yasin Əliyev, Qərbi Gürcüstan üzrə müftisi hacı Adem Şantadzedə iştirak ediblər.
Əsasən tanışlıq xarakteri daşıyan görüşdə, Gürcüstandakı dini dözümlülük, dinlərarası əlaqələrin perspektivləri, qonşu ölkələrdəki dini icmalarla münasibətlər və s. məsələlərdən danışılıb.
Salome Zurabişvili deyib ki, Gürcüstan əhalisinin əksəriyyətini pravoslav xristianlar təşkil etsə də, ölkədə bütün dinlərin öz yeri var. Dövlət də bu dini konfessiyalara daim diqqət və qayğı göstərir. Gürcüstanda bütün dinlər üçün tam azad şərait və onlar arasında qarşılıqlı əlaqə mövcuddur.
Onun sözlərinə görə, bu, Gürcüstan əhalisi üçün dözümlülük indentikliyin bir hissəsidir.
S.Zurabişvili deyib: “Dinlər arasında qarşılıqlı hörmət və dostluq çox əhəmiyyətlidir. Bu cür münasibətlər ölkəyə və cəmiyyətə sülh gətirir. Bu sülh cəmiyyətdə gərginlik, mübahisələr, qütbləşmə və nifrətin alovlandırılmasının müşahidə edildiyi bir vaxtda olduqca vacibdir”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi