ŞAMAXIDA DÜNYA BANKININ MALİYYƏLƏŞDİRDİYİ LAYİHƏNİN TƏQDİMATI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyulun 23-də Şamaxıda “Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi” çərçivəsində Şamaxı, Oğuz, Qəbələ və Zaqatala rayonlarının su təchizatı və kanalizasiya sistemləri sektorunda Dünya Bankının krediti hesabına maliyyələşdirilən layihə təqdim olunmuşdur.
Bu münasibətlə keçirilən mərasimdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, “Azərsu” ASC-nin vitse-prezidenti Fərid Məmmədov, Oğuz, Qəbələ və Zaqatala rayonlarının icra hakimiyyəti başçıları Aydın Əlihüseynov, Tofiq İbrahimov, Asif Əsgərov, Dünya Bankının Mərkəzi Asiya və Avropa üzrə İnfrastruktur sektorunun direktoru Peter Tomson, məsləhətçi şirkətin layihə meneceri Antoni Gerard, layihə idarəetmə qrupunun rəhbəri Cahangir Xəlilov layihənin həyati əhəmiyyətindən, görüləcək işlərdən danışmış, rəy və təkliflərini bildirmişlər.
Qeyd olunmuşdur ki, “Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi” iki mərhələdə həyata keçiriləcəkdir. Birinci mərhələdə daha ciddi ehtiyac duyulan 22 rayonda, o cümlədən Şamaxı, Qəbələ, Oğuz və Zaqatalada su təchizatı və kanalizasiya sistemi yenidən qurulacaqdır. Həyata keçiriləcək layihənin ümumi dəyəri 310 milyon ABŞ dolları təşkil edir ki, bunun 230 milyon dolları Dünya Bankı kreditinin 80 milyon dolları isə Azərbaycan Hökumətinin payına düşür.
Layihənin idarə edilməsi və texniki nəzarət Almaniyanın “CES Konsaltinq İnginirs Salzqitter ÇmbH” və “Su-Yapı İnginirinq Konsaltinq İnk” konsorsiumu tərəfindən həyata keçirilir.
Qeyd olunmuşdur ki, Şamaxı şəhərinin yeni su təchizatı sistemi yeganə çoxsulu hesab edilən Pirsaat çayının, Qəbələ şəhərinin su təchizatı sistemi Durucaçayın və Dəmirapançayın hesabına həll olunacaqdır. Bu sistemə Durucaçay yerüstü suqəbuledici qurğuları, Dəmiraparançayın məcrasında 30 metr dərinliyi olan 16 quyu, magistral boru kəməri və filtrasiya qurğuları daxildir.
Oğuz şəhərinin su təchizatı isə ayrı-ayrı yeraltı bulaqların suları hesabına həll ediləcəkdir.
Zaqatalada su təchizatı üçün iki əsas su mənbəyi - Zilbançay və Talaçay təklif olunmuşdur. Bununla belə, Katexçayın suyuna da şəhərin su təchizatı mənbəyi kimi baxılır.
Layihənin reallaşdırılmasının hökumətin dəstəyi olmadan qeyri-mümkünlüyünü qeyd edən Dünya Bankının təmsilçisi Peter Tomson son illər Azərbaycanda sosialyönümlü 1,2 milyard ABŞ dolları məbləğində layihələrin dəstəkləndiyini bildirmişdir. Bu gün Azərbaycanla münasibətlərimiz təkcə borc verən və alan təşkilat kimi yox, artıq tərəfdaşlıq səviyyəsindədir, - deyən natiq insanların həyatına təsir baxımından sosial layihələrin maliyyələşdirilməsinə bundan sonra da həvəslə dəstək olacaqlarını söyləmişdir. O, Şamaxıya gələrkən Bakı-Şamaxı yolunun yenidən qurulması üçün böyük işlərin görüldüyünü qeyd etmiş və bu layihənin təmsil etdiyi qurumun krediti hesabına həyata keçirildiyindən məmnun qaldığını vurğulamışdır.
Günün ikinci yarısında Şamaxı rayonunda su mənbələrinə, sutəmizləyici qurğuların və su hovuzlarının tikiləcəyi yerə baxış keçirilmişdir.
Təqdimat mərasimində Prezidentin İcra Aparatının məsul əməkdaşı Niyaz Əliyev, Nazirlər Kabinetinin dövlət zəmanəti ilə alınan kreditlərin, texniki yardım və qrantların alınması üzrə işlərin əlaqələndirilməsi şöbəsinin müdiri Nail Fətəliyev iştirak etmişlər.
######
