ŞAMAXIDA İCTİMAİ DİNLƏMƏLƏR KEÇİRİLMİŞDİR
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, ombudsman Elmira Süleymanova İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) təbliği və tətbiqi vəziyyətinin monitorinqi məqsədi ilə Şamaxı rayonunda ictimai dinləmələr keçirmişdir.
Tədbirdə rayonun icra hakimiyyəti və bələdiyyələrinin, məhkəmə, daxili işlər orqanları və prokurorluğun, yerli QHT və KİV-lərin, həmçinin icmaların nümayəndələri iştirak etmişlər.
Mərasimdə E.Süleymanova bildirmişdir ki, ölkəmizdə həyata keçirilən demokratik-hüquqi və sosial-iqtisadi islahatlar nəticəsində insan hüquq və azadlıqlarının müdafiəsi cəmiyyət qarşısında duran əsas vəzifələrdən birinə çevrilmişdir. Ombudsman MFP-nin təsdiqindən ötən müddətdə xeyli iş görüldüyünü, müxtəlif qurumlarla müntəzəm müzakirələrin aparıldığını, ötən il doqquz regionda ictimai dinləmələrin aparıldığını diqqətə çatdırmışdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının müdafiəsi sahəsində uğurlu addımların atıldığı, respublikamızın bütün regionlarında, o cümlədən Şamaxıda sosial-iqtisadi inkişafın təmin olunduğu qeyd edilmişdir.
E.Süleymanova qarşıdakı prezident seçkilərinin azad, demokratik və şəffaf keçirilməsinin vacibliyini də vurğulamış, vətəndaşların seçki hüququnun təmin olunması istiqamətində görülən işlər, bölgələrdə bu istiqamətdə keçirilmiş maarifləndirici treninq-seminarlar barədə ətraflı danışmışdır.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov ölkədə insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar barədə, MFP-nin əhəmiyyəti, bu sənədlə bağlı rayonda qəbul olunmuş tədbirlər planı haqqında məlumat vermişdir.
Çıxış edənlər MFP-də məhkəmə, prokurorluq və polis orqanları qarşısında qoyulmuş vəzifələrin icrası istiqamətində görülmüş işlər, seçki qanunvericiliyinin öyrənilməsi və təbliği sahəsində fəaliyyət və s. barədə də danışmışlar.