Şamaxıda mağazada istehlaka yararsız məhsullar aşkar olunub
Bakı, 18 noyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Şamaxı rayonunun Bağırlı kəndində fiziki şəxs Abdulhüseynov Mahir Qəşəm oğluna məxsus “Ata ocağı” ərzaq mağazasında keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub.
Müəssisədə mal qonşuluğu prinsipinə əməl olunmadığı, üzərində Azərbaycan dilində etiket məlumatları olmayan və yararlılıq müddəti bitmiş məhsulların satışa çıxarıldığı müəyyən edilib. Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, istehlaka yararsız və Azərbaycan dilində etiket məlumatları olmayan məhsullar satışdan çıxarılıb, müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub.