RƏSMİ XRONİKA
ŞAMAXILILAR MÜSTƏQİL DÖVLƏTİMİZİN XİLASKARI, BANİSİ VƏ QURUCUSUNA SƏS VERƏCƏKLƏR
BU SÖZLƏR AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVƏ MÜRACİƏTİN ÜMUMİ MƏZMUNUNU İFADƏ EDİR
Möhtərəm və əziz Prezidentimiz!
Xalqımızın çağdaş tarixində müstəsna əhəmiyyətli hadisələr çoxdur. 15 iyun - Milli qurtuluş günü bu hadisələr sırasında önəmli yer tutur. Məhz Qurtuluş günü ilə ölkəmizin həyatında yeni dövr başlamış, müstəqilliyimizin dönməz və əbədi olması üçün mühüm və səmərəli fəaliyyətin əsası qoyulmuşdur.
Fəxarətlə bildiririk ki, tarixi yaddaşımıza əbədi həkk olunmuş bu əziz bayram ölkəmizin hər yerində olduğu kimi, Şamaxı rayonunda da Sizin şəxsiyyətinizə dərin hörmət və məhəbbətlə, xalqa göstərdiyiniz təmənnasız xidmətinizə verilən böyük qiymət və minnətdarlıq hissi ilə qeyd olunur.
Məlum olduğu kimi, böyük bir imperiya olan SSRİ XX əsrin sonlarında çökdü. Bunun nəticəsində Azərbaycan yenidən müstəqillik qazandı. Lakin çox qısa bir zamanda xalqımız onun itirilməsi təhlükəsi ilə üzləşmişdi. Həmin dövrdə iqtidarda olan siyasi dairələrin səbatsız, səriştəsiz və xəyanətkar əməllərinin məntiqi nəticəsi olan hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatmışdı. Beləliklə, xaos və anarxiya ölkəni bürüdü, alovlanmaqda olan vətəndaş müharibəsi cəmiyyətin müxtəlif təbəqələrini üz-üzə qoydu. Bizim üçün nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə itirmək təhlükəsi günün acı reallığına çevrildi. Doğma Vətənimiz və dövlətçiliyimiz üçün son dərəcə ağır sınaq günlərində xalq yeganə ümid və pənahını Sizdə tapdı, özünün dəfələrlə sınanmış müdrik və qüdrətli oğluna, ümumilli liderinə müraciət etdi. Siz xalqımızın çağırışına, israrlı və təkidli tələbinə səs verərək böyük Xilaskarlıq missiyasını öz üzərinizə götürdünüz və tarixi qayıdışınızla Vətənimizi böyük təhlükədən xilas etdiniz.
Artıq Sizin bu tarixi qayıdışınızdan on il ötür. Bu illər ərzində Azərbaycanın əldə etdiyi nailiyyətlər Sizin həqiqətən də xilaskar, xalqı xoşbəxt gələcəyə aparan dahi bir şəxsiyyət, ümumilli lider olduğunuzu bir daha sübut etdi. Müstəqil dövlətimizin banisi və qurucusu kimi, xalq Sizə inanır, etimad göstərir, övladlarının gələcək taleyini etibar edir və Sizin varlığınızı Tanrının Azərbaycana bəxş etdiyi xoşbəxtlik kimi dəyərləndirir. Biz əminik ki, Sizin rəhbərliyiniz altında müstəqil Azərbaycana xoşbəxt və firavan həyat nəsib olacaqdır. Bu yaxınlarda təhsil, mədəniyyət və səhiyyə işçilərinin əmək haqlarının artırılması, sosial təminatın günbəgün yaxşılaşdırılması Sizin böyük qayğınızın real nəticəsidir. Şamaxı rayon ictimaiyyəti də əhaliyə göstərdiyiniz bu böyük qayğı və diqqəti dərin razılıq hissi ilə qarşılayır və Sizə tükənməz hörmət və ehtiramını bildirir.
Sizin respublikamızın bütün reğionlarının inkişafında müstəsna xidmətləriniz vardır. Bu baxımdan Sizin qədim Şamaxı torpağına olan məhəbbətinizi və qayğınızı xüsusi olaraq qeyd etmək istəyirik. Siz 70-80-ci illərdə dəfələrlə Şamaxı rayonunda olmuş, onun iqtisadiyyatının və mədəniyyətinin inkişaf etdirilməsinə böyük yol açmısınız. Şübhəsiz ki, şamaxılılar Sizin birbaşa təşəbbüsünüzlə 21 yanvar 1978-ci il tarixdə “Şamaxı rayonunun iqtisadiyyatını və mədəniyyətini daha da inkişaf etdirmək tədbirləri haqqında” qəbul edilən qərarı yaxşı xatırlayırlar. Məhz həmin qərarın qəbul edilməsindən sonra Şamaxının iqtisadi və mədəni həyatı sürətlə dirçəldilmiş, rayon əhalisinin sosial rifah halı misli görünməmiş dərəcədə yaxşılaşdırılmışdır. Məhz buna görə də biz böyük fəxr hissi ilə bir daha bildiririk ki, müasir Şamaxı Heydər Əliyev epoxasının yetirməsidir.
Bu ilin oktyabrında növbəti prezident seçkilərində şamaxılılar artıq öz şeçimlərini etmişlər. Rayon ictimayəti birmənalı olaraq Sizi əmin edir ki, qarşıdan gələn prezident seçkilərində yalnız Sizin - Heydər Əlirza oğlu Əliyevin namizədliyini dəstəkləyəcək və yekdilliklə Sizə səs verəcəkdir.
Sizin Vətən qarşısında göstərdiyiniz xidmətləri qədirbilən xalqımız misilsiz fədakarlıq kimi qiymətləndirir. Biz haqlı olaraq Sizinlə fəxr edirik. Möhkəm inanırıq ki, müstəqil Azərbaycan Sizin rəhbərliyinizlə yenicə qovuşduğumuz XXI əsrdə daha yüksək zirvələr fəth edəcək, öz tarixinin yeni şanlı səhifələrini yazacaqdır.
Möhtərəm və əziz Prezidentimiz!
Sizə - xalqımızın böyük və şanlı oğluna, müstəqilliyimizin xilaskarına Şamaxı rayonunun əhalisi adından möhkəm cansağlığı, uzun ömür, Vətənimizin və xalqımızın işıqlı gələcəyi naminə fədakar fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Müraciət Şamaxı rayon ictimaiyyəti
nümayəndələrinin toplantısında
qəbul olunmuşdur.