ŞAMAXILILAR YENİ İNŞA EDİLƏN HEYDƏR ƏLİYEV MUZEYİNİN AÇILIŞINA HAZIRLAŞIRLAR
AZƏRTAC xəbər verir ki, Şamaxı şəhərinin mərkəzində ulu öndərimizin adını daşıyan parkda təməli ötən il mayın 10-da qoyulmuş Heydər Əliyev muzeyi artıq açılışa hazırlanır. Milli memarlığımızın ən nəfis elementlərindən istifadə olunmaqla inşa edilən üçmərtəbəli muzey binası şəhərin ən gözəl tikililərindəndir. Geniş foyesi, eksponatların nümayiş etdirildiyi böyük zalı, yardımçı otaqları olan muzeydə həm də hər cür şəraitə malik konfrans zalı da öz rahatlığı və tərtibatı ilə diqqəti cəlb edir. Zal müxtəlif səviyyəli elmi konfransların keçirilməsi üçün lazımi inventar və avadanlıqla təchiz edilmişdir.
Bakı şəhərindən dəvət olunmuş tərtibatçılar qrupu burada artıq son tamamlama işləri aparır. Ayrı-ayrı mərtəbələrin geniş zalında ümummilli liderimiz Heydər Əliyevin zəngin dövlətçilik və siyası fəaliyyətini əks etdirən yüzlərlə nadir sənədlər, fotoşəkillər gözoxşayan tərtibatla, sistemli şəkildə nümayiş etdiriləcəkdir.
Şamaxılıların açılışını səbirlə gözlədikləri muzey xalqımızın böyük oğlu, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev irsinin təbliği və öyrənilməsində xüsusi əhəmiyyət kəsb edəcəkdir.