Samirə Musayeva: İnvestisiya mühitini təşviq edən bir sıra tədbirlər nəzərdə tutulub
Bakı, 4 noyabr, AZƏRTAC
Sahibkarlarla bütün müzakirələrin əsasında yalnız inzibati orqan və sahibkar münasibəti deyil, həm də dövlət-özəl tərəfdaşlığı dayanır.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu barədə “Caspian Energy Club”un B2G forumunda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.
Onun sözlərinə görə, B2G forumun parlamentdə dövlət-özəl tərəfdaşlığı haqqında qanun layihəsinin müzakirəsi ərəfəsinə düşməsi təqdirəlayiq hal kimi qiymətləndirilə bilər. “Bu gün dövlət və biznes tərəfdaşlığının hüquqi zəminləri daha da ciddiləşir, birgə infrastruktur layihələrin, ictimai ortaq məqsədlərə çatma istiqamətinə etimada əsaslanan birgə münasibətlərin qurulması yeni müstəviyə gətirilir”, - deyə Samirə Musayeva qeyd edib.
Dövlət Vergi Xidmətinin rəsmisi sahibkarlığın iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi olduğunu deyərək, “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda da ölkədə dayanıqlı iqtisadiyyatın təmin edilməsi üçün investisiya mühitini təşviq edən bir sıra tədbirlərin nəzərdə tutulduğunu bildirib.
S.Musayeva vurğulayıb ki, bu tədbirlər çərçivəsində bir tərəfdən sahibkarın inkişafını təşviq edən səmərəli investisiya mühitinin formalaşdırılması nəzərdə tutulursa, digər tərəfdən “kölgə iqtisadiyyatı” ilə ciddi, davamlı və qətiyyətli mübarizə dayanıb. Yəni burada bir balans var: “Dövlət şəffaf sahibkar üçün bundan sonra da vergi-təşviq alətləri tətbiq etməklə, inzibatçılığın sadələşdirməsində mümkün bütün təşviqedici addımlar atmaqla yanaşı, şəffaf sahibkarlığı rəqabət mühitində hansısa formada üstələməyə çalışan qeyri-şəffaf sahibkarlıqla da ciddi şəkildə mübarizə aparacaq. Bizim bundan sonrakı, ən azı təsdiqlənən dövrdə, yəni 2022-2026-ci illər üzrə də əsas addımlarımız bu əsas istiqamətdə olacaq”.