Samur-Abşeron arası düzən torpaqlarından səmərəli istifadə yolları araşdırılıb
Bakı, 2 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Xəzərsahili və düzənlik torpaq-bitki örtüyünün təbii və antropogen amilləri öyrənilir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, ilkin mərhələdə Samur-Abşeron arası düzən torpaqlarından səmərəli istifadə yolları araşdırılıb. Tədqiqat zamanı ərazidə torpaqların dəniz sahili boyu şərqdən qərbə doğru, həm də şimaldan cənuba doğru baş verən dəyişikliklər öyrənilib. Xəzərsahili düzənliyin torpaq örtüyü şimaldan cənuba doğru digər analoji ərazilərdən fərqli olaraq daha çox təbii deqradasiyaya məruz qalır. Əksər hallarda ərazidə antropogen təsir torpaqların bərpa olunması, onlardan səmərəli istifadə istiqamətinə yönəlib.
Çoxillik tədqiqat nəticələrinin müqayisəsinə əsasən, ərazidə aridləşmə prosesi öz arealını şimal və qərb istiqamətə doğru genişləndirir. Hazırda çoxsaylı təbii və antropogen amillər nəzərə alınmaqla ərazinin ilk dəfə olaraq torpaq və bitki deqradasiya xəritələri hazırlanır.