Sanitar-gigiyena qaydalarını pozan şəxs cərimələnib
Bakı, 27 avqust, AZƏRTAC
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Bakı şəhəri ərazisində mütəmadi olaraq reydlər keçirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 25-də keçirilən reyd zamanı paytaxtın Suraxanı rayonundakı kərpic zavodu ərazisində bərk tullantıların “KamAZ” markalı yük avtomobili ilə boşaldılması faktı aşkarlanıb. Bakı şəhər sakini N.Yaqubov İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə barəsində protokol tərtib olunub və ona 600 manat məbləğində inzibati cərimə tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.