Sankt-Peterburq Musiqi Liseyinin əməkdaşları Bakıda konsert verib
Bakı, 11 noyabr, AZƏRTAC
İllər öncə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi ilə yaradıcı əməkdaşlığa başlayan Sankt-Peterburq Musiqi Liseyi bu il də rəngarəng konsert proqramı ilə Bakıda çıxış edib.
AZƏRTAC xəbər verir ki, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Zəfər Günü, Sankt-Peterburq Musiqi Liseyinin 25 illiyi və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr edilmiş “Sankt-Peterburqun musiqi xəzinəsi” adlı konsert proqramı təqdim olunub.
Konsertdən öncə çıxış edən Sankt-Peterburq Musiqi Liseyinin direktoru Vitaliy Romanov bu konsertin təşkilati işlərində yaratdığı şəraitə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin rəhbərliyinə minnətdarlığını bildirib: “Əminik ki, rus xalq çalğı alətlərində səslənən əsərlər öz nəfis təqdimatı ilə hələ uzun müddət dinləyicilərin yaddaşından silinməyəcək”.
Sonra liseyin müəllim ifaçıları tərəfindən konsert proqramı təqdim olunub. Bir-birindən gözəl, bədii estetik təsir gücünə malik əsərlər dinləyicilər tərəfindən böyük şövqlə qarşılanıb.