SAXTA MƏHSUL SATAN TİCARƏT OBYEKTLƏRİ 81 MİN 980 MANAT MƏBLƏĞİNDƏ CƏRİMƏLƏNMİŞLƏR
İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin rəisi Xaliq Məmmədov AZƏRTAC-a bildirmişdir ki, qurum paytaxt və regionlarda fəaliyyət göstərən ictimai iaşə və ticarət obyektlərində monitorinqləri davam etdirir.
Təkcə iyun ayında normativ texniki sənədlərin tələblərinə uyğun olmayan 162 adda 1.553 ədəd, saxlama müddəti keçən 462 adda 5 min 766 ədəd və mənşəyi məlum olmayan 266 adda 1.686 ədəd ərzaq məhsulları aşkarlanmışdır. Yararlılıq müddəti ötmüş və satışdan çıxarılmış malların arasında şirniyyat və qənnadı məhsulları üstünlük təşkil edir. Onların istehsal tarixi dəyişdirilərək saxta şəkildə markalanmışdır. Keyfiyyəti şübhə doğuran sərinləşdirici içkilər və dondurmalar da satışdan yığışdırılmışdır.
Cari ilin əvvəlindən indiyədək saxta məhsul satan ticarət müəssisələri 81 min 980 manat məbləğində cərimələnmişlər. Həmin məbləğ dövlət büdcəsinə köçürülmüşdür. Yanvarın 9-dan bu günədək normativ texniki sənədin tələblərinə cavab vermədiyi üçün 5 min 482 adda 35 min 661 ədəd mal (61 ton) satışdan çıxarılaraq məhv edilmişdir.
Yararlılıq müddəti ötmüş, lakin istehsal tarixi dəyişdirilərək saxta şəkildə markalanıb satılan yeyinti məhsullarının monitorinqi təkcə paytaxtda deyil, eyni zamanda, bölgələrdə də keçirilir. Bu məqsədlə İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətində “qaynar xət” fəaliyyət göstərir.