SAXTA SƏNƏD VƏ QANUNSUZ SİLAH-SURSAT GÖTÜRÜLMÜŞDÜR
Daxili işlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Narkotiklərlə Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Binəqədi rayonunun M.Rəsulzadə qəsəbəsində yaşayan Vasif Nəsibovdan 25,551 qram heroin, 1 ədəd “Makarov” tipli pnevmatik tapança, 4 ədəd patron, 1 ədəd patron darağı və 1102 dollar pul götürülmüşdür. V.Nəsibovun idarə etdiyi “Hyunday-Sonata” markalı avtomaşına baxış zamanı oradan 1 ədəd “Vinçester” markalı ov tüfəngi, 30 ədəd patron, 3 ədəd bıçaq, 1 ədəd qandal, 9 ədəd fişəng patronu, 1 ədəd fişəng atmaq üçün alət, Narkotiklərlə Mübarizə Baş İdarəsinin xüsusilə mühüm işlər üzrə əməliyyat müvəkkili kimi V.Nəsibovun adına 1 ədəd saxta vəsiqə, DİN-in Xüsusi Həkim Komissiyasının Tibb Müayinəsinə göndəriş üçün Xanlar Rayon Baş Dövlət Yanğın Təhlükəsizliyi Xidmətinə aid möhürlənmiş və imzalanmış 2 ədəd boş blank, Svetlana Mahmudovaya məxsus 1 ədəd şəxsiyyət vəsiqəsi və DİN-in Dövlət Yanğın Təhlükəsizliyi Xidmətinə aid möhür vurulmuş 2 ədəd boş vərəqə aşkar edilərək götürülmüşdür. Narkotik maddəni Vasif Nəsibova 400 dollara satmış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Üzeyir Səmədov tutulmuşdur. Ondan, 0,238 qram heroin müsadirə edilmişdir. Vasif Nəsibov evində gizlətdiyi 62,193 qram heroini könüllü olaraq polisə təhvil vermişdir.
Faktla bağlı cinayət işi açılmışdır, araşdırma aparılır.