SİYASƏT
Səbail rayonunda Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilmişdir
![](/files/galleryphoto/2013/3/1200x630/1407926913456226483_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/1407926913829655715_1200x630.jpg)
Bakı, 9 noyabr (AZƏRTAC). Xalqımızın fəxr və qürur yeri olan Dövlət Bayrağı Meydanında Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova tədbirə toplaşanları əlamətdar bayram münasibətilə təbrik etmişdir. Qeyd olunmuşdur ki, tədbirin keçirilmə yeri təsadüfi seçilməmişdir. Məhz Səbail rayonu ərazisində yerləşən Dövlət Bayrağı Meydanı bu gün xalqımızın qürur yeridir.
Natiq Azərbaycanın müstəqillik rəmzi olan Dövlət Bayrağının yaranması tarixindən danışmış, hər birimiz üçün tükənməz qürur mənbəyi olan üçrəngli bayrağımızın ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis olunduğunu diqqətə çatdırmışdır.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisində Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qaldırılmışdır. Bununla da üçrəngli bayrağımız həyata yenidən vəsiqə qazanmışdır. Dövlətimiz başçısının bayrağımızın uca tutulması istiqamətində həyata keçirdiyi tədbirlərdən danışan X.Bayramova bildirmişdir ki, Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzalamışdır.
Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etmişdir.
Dövlət Bayrağı Meydanında Dövlət Bayrağı Muzeyi də yaradılmışdır.
Tarix sübut etdi ki, 1918-ci ildə yüksələn bayraq xalqımızın tarixi yaddaşında, hər birimizin canında və ruhunda əbədi ucaldılmışdır. Xalqımızın öz torpağına, dövlətçiliyinə və tarixinə sonsuz sevgisindən bəhrələnib yaranan üçrəngli bayrağımız 70 ildən sonra yenidən göylərə yüksəldi, başımızın üstündə daha əzəmətlə dalğalandı.
Rayonun orta məktəb şagirdləri, gənclər Vətənə, müstəqilliyə həsr olunmuş şer və mahnılarla iştirakçıları qarşısında çıxış etmişlər.
Sonra iştirakçılar Dövlət Bayrağı Muzeyində yaradılmış ekspozisiya ilə tanış olmuşlar.