“Şəfəq-Asiman” strukturunda seysmik tədqiqat işlərinə başlanılır
Bakı, 14 may (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mayın 13-də qurumun baş ofisində “Şəfəq-Asiman” perspektiv strukturunda aparılacaq 3D seysmik tədqiqat işlərinə həsr olunmuş təqdimat keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan ARDNŞ-in birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə “Şəfəq-Asiman” perspektiv strukturu barədə ətraflı məlumat vermiş, bildirmişdir ki, mayın 6-da Azərbaycan Respublikasının Milli Məclisi Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” perspektiv strukturunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında “bp” ilə ARDNŞ arasında imzalanmış sazişi ratifikasiya etmişdir. “Şəfəq-Asiman” bloku Bakıdan təxminən 125 kilometr cənub-şərqdə yerləşir və təxminən 1100 kvadratkilometr ərazini əhatə edir. Blok dənizin dərinsulu hissəsində, suyun dərinliyinin təxminən 650-800 metr olduğu bir ərazidə yerləşir. Azərbaycan geofizikləri strukturda 2D seysmik tədqiqat işlərini hələ 1961-ci ildə aparmış, burada karbohidrogen ehtiyatının mövcudluğu aşkar olunmuşdur. Cari ilin mayında isə “bp-Azərbaycan” şirkəti ilə “Kaspian Geofizikal” müştərək müəssisəsi arasında həmin blokda 3D seysmik tədqiqat işlərinin aparılması barədə müqavilə imzalanmışdır. Hazırda seysmik işləri həyata keçirəcək “Gilavar” gəmisinin Azərbaycana gətirilməsi gözlənilir. Tədbirdə xüsusi olaraq vurğulanmışdır ki, “Gilavar” gəmisi vasitəsilə “Şəfəq-Asiman”dan sonra “Babək” və “Ümid” perspektiv strukturlarında da 3D seysmik işlərinin aparılması nəzərdə tutulur. Bu seysmik işlərin aparılması nəticəsində Cənubi Xəzər hövzəsinin perspektivliyi öyrəniləcək, onun geoloji quruluşu barədə daha geniş məlumatın əldə olunmasına imkan yaranacaqdır.
“bp-Azərbaycan” şirkətinin kəşfiyyat və qiymətləndirmə üzrə vitse-prezidenti Qreq Reyli qeyd etmişdir ki, “bp” və ARDNŞ-in birgə layihəsi olan bu seysmik işlər nəticəsində strukturun yuxarı qatlarının vəziyyəti dəqiqləşdiriləcək, struktur axtarış qazmasına hazırlanacaqdır. Seysmik işlərin 2011-ci ilin sonunadək başa çatdırılacağı gözlənilir. Hazırda müvafiq qurumlarla icazənin alınmasına dair danışıqlar aparılır.
“Kaspian Geofizikal” müştərək müəssisəsinin baş direktoru Treysi Kembl şirkətinin bu layihədə iştirakından məmnunluğunu ifadə etmiş, “Gilavar” gəmisi barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. “Gilavar” gəmisi 2005-ci ildən Xəzər hövzəsindən kənarda “Shell”, “bp”, “Maersk”, “Petrobras” kimi nəhəng enerji şirkətlərinin sifarişlərini uğurla yerinə yetirmişdir. Hazırda gəmi zəruri lisenziyaları əldə etmək üçün Norveçdədir. Gəminin iyun ayında Xəzər sularına gətiriləcəyi nəzərdə tutulmuşdur. Təqdimatdan sonra iştirakçıların sualları cavablandırılmışdır.