RƏSMİ XRONİKA
ŞƏFFAFLIĞIN ARTIRILMASI VƏ KORRUPSİYAYA QARŞI MÜBARİZƏ ÜZRƏ MİLLİ STRATEGİYANIN TƏSDİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsi, nоrmativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət və yerli özünüidarə оrqanlarının fəaliyyətində şəffaflığın artırılması və bu sahədə dövlət siyasətinin həyata keçirilməsi məqsədi ilə qərara alıram:
1. Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planı təsdiq edilsin (əlavə оlunur).
2. Mərkəzi və yerli icra hakimiyyəti orqanları:
2.1. öz fəaliyyətində Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın müddəalarını rəhbər tutsunlar;
2.2. Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası barədə hər altı aydan bir Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyaya məlumat təqdim etsinlər.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planının yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini təhlil etsin və bu barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsinlər.
4. Azərbaycan Respublikasının Milli Məclisinə, Azərbaycan Respublikasının məhkəmələrinə, Baş Prokurorluğuna, Məhkəmə-Hüquq Şurasına, İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana), yerli özünüidarə orqanlarına tövsiyə edilsin ki, Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi üçün zəruri tədbirlər görsünlər.
5. Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlər barədə ictimaiyyətə mütəmadi olaraq məlumat versin.
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti öz səlahiyyətləri daxilində bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
7. Bu Sərəncam imzаlаndığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 iyul 2007-ci il.