Şəhər və rayonlar üzrə keçiriləcək “Könüllülər kuboku” tədbirləri ilə bağlı müzakirələr aparılıb
Bakı, 7 mart, AZƏRTAC
Martın 7-də Gənclər və İdman Nazirliyi, Azərbaycan Məktəb İdmanları Federasiyası və “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi tərəfindən respublikamızın rayon və şəhərlər nümayəndələrinin iştirakı ilə 2019-2020-ci tədris ili üzrə məktəblər arasında respublika çempionatının zona mərhələsi, Azərbaycan Bədən Tərbiyəsi və İdman Mütəxəssislərinin Birinci Forumu, şəhər və rayonlar üzrə “Könüllülər kuboku” tədbirləri və “Könüllülər Marafonu-2020” layihəsi ətrafında geniş müzakirələr aparılıb.
“Azərbaycan İdman Könüllüləri” İctimai Birliyindən AZƏRTAC-a verilən məlumata görə, ictimai birliyin sədri Miraqil Seyidzadə və Azərbaycan Məktəb İdmanları Federasiyasının baş katibi Pərvin Mehdiyev iştirakçılara layihələr haqqında məlumat verib, həmçinin layihələrin təşkili ilə bağlı sualları cavablandırıblar.
Eyni zamanda, seçilmiş nominasiyalarla cudoçu Məmmədrza Hacızadə, taekvondoçu Zenfira Həsənzadə, cüdo üzrə məşqçilər Vüqar Əliyev, Bəxtiyar Mustafayev, Günay Zeynalova, eləcə də ilin məktəbi 269 saylı tam orta məktəb, ilin tərəfdaş klubu ATEF idman klubu, federasiyanın bölgələr üzrə ilin ən fəal nümayəndəsi Dinarə Əfəndiyeva Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən müvafiq dərəcəli diplomlarla təltif ediliblər.