Şəhid anası Xocalı faciəsindən danışmışdır
Bakı, 25 fevral (AZƏRTAC). Xocalı faciəsinin 22-ci ildönümü ərəfəsində Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə erməni millətçiləri tərəfindən vəhşicəsinə qətlə yetirilmiş, “Azərbaycan Bayrağı” ordenli Fərhad Atakişiyevin xatirəsinə həsr edilmiş anma mərasimi keçirilmişdir.
Azərbaycan Memarlıq və İnşaat Universitetindən AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə tədbir iştirakçıları universitetin foyesindəki “Şəhidlərin xatirə guşəsi”nin önünə əklil qoymuşlar.
Tədbiri giriş sözü ilə açan nəqliyyat tikintisi və yol hərəkətinin təşkili kafedrasının əməkdaşı Nicat Göyüşlü tariximizə qanlı hərflərlə yazılmış və dünyada vəhşilik dərəcəsinə görə bənzəri olmayan Xocalı faciəsinin acı nəticələrindən danışmışdır. Qeyd etmişdir ki, bu təhsil ocağı Vətənimizin azadlığı və suverenliyi uğrunda mübarizədə 50-dən artıq şəhid vermişdir ki, onların da 7-si Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Həmin şəhidlərin adı universitetimizdə həmişə uca tutulur, xatirələri ehtiramla yad edilir.
N.Göyüşlü AMİU-da nəqliyyat fakültəsinin tələbəsi olmuş Fərhad Atakişiyevin keçdiyi mənalı və şərəfli ömür yolundan söhbət açmışdır.
Tədbirdə çıxış edən Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sailov təmsil etdiyi qurumda F.Atakişiyev və onun kimi qəhrəmanlarımız haqqında geniş məlumatların olduğunu diqqətə çatdırmışdır.
AMİU-nun rektoru, Milli Məclisin deputatı, professor Gülçörə Məmmədova, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov və başqaları F.Atakişiyevin Azərbaycan gəncliyinə nümunə olduğunu qeyd etmiş, dövlətimizin bugünkü iqtisadi gücündən, ordu quruculuğunun yüksək səviyyədə təşkilindən söhbət açmışlar. Şəhid anası Dilarə xanım ağır döyüşlərdə yaralandıqdan sonra düşmən tərəfindən əsir götürülərək Xankəndidəki həbsxanada işgəncələrlə qətlə yetirilən Fərhadın acı taleyindən ürək ağrısı ilə danışmış, oğlunun xatirəsinə göstərilən diqqətə görə universitetin rəhbərliyinə minnətdarlığını bildirmişdir.