Şəhid övladı: Yay düşərgəsi mənə maraqlı günlərlə yanaşı, yeni dostlar qazandırdı
Şamaxı, 23 avqust, AZƏRTAC
“Böyük qayıdış” Gənclər Təşkilatı və “Zəfər” şəhid Ailələrinə Dəstək İB-nin birgə təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Şamaxıda şəhid və qazi övladları üçün avqustun 20-də açılan “Xarıbülbül” yay düşərgəsi fəaliyyətini davam etdirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 5 gün davam edəcək yay düşərgəsində 60 nəfər şəhid və qazi övladı dincəlır. Burada rəngarəng tədbirlər, o cümlədən şəxsi və komanda inkişafı yönümlü təlimlər, gənclərin müxtəlif ideyalarının və layihə təkliflərinin müzakirəsi, intellektual, şəbəkələşmə və komanda inkişafı oyunları, Qarabağ bölgəsinə aid mədəniyyət axşamları və asudə vaxt üçün müxtəlif əyləncəli fəaliyyətlər həyata keçirilir. Bunlar da hər kəsdə vətənpərvərlik, həmrəylik və optimizm hisslərinin güclənməsinə təsir edir.
Yay düşərgəsində dincələnlərdən biri - 2016-cı ilin Aprel döyüşlərində şəhid olan mayor Rasim Məmmədovun 19 yaşlı övladı Aysu Məmmədova təəssüratını AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşüb: “Bütün yoldaşlarım adından bizim üçün Azərbaycanın gözəl məkanlarından olan Şamaxıda “Xarıbülbül” yay düşərgəsini təşkil edənlər üçün minnətdaram. Hər günümüz şən, bir-birindən gözəl və maraqlı keçir. Burada özümə xeyli dost qazanmışam. Bəli, yay düşərgəsi mənə maraqlı günlərlə yanaşı, yeni dostlar da bəxş etdi”.
Aysu sözünə davam edərək söyləyib ki, ata itkisi ağır olsa da, özünü heç vaxt tənha görməyib: “Naxçıvanda doğulmuşam. Hazırda Bakıda yaşayırıq - anam, mən və 14 yaşlı qardaşım. Həmişə dövlətimizin dəstəyini görmüşük. Bu dəstəkdən yararlanaraq Türkiyə Universitetinə qəbul olunmuşam. Bütün bunlara görə Prezidentimizə minnətdaram”.