Şəhidin doğum günündə “Verim nəfəsimi, dalğalan, şanlı bayraq” adlı kompozisiya nümayiş olunub VİDEO
Saatlı, 3 iyul, Aydın Yavərzadə, AZƏRTAC
Şəhid leytenant Xalid Nəciyevin ad günü təhsil aldığı Saatlı şəhər 1 saylı tam orta məktəbdə qeyd olunub. Tədbirdə şəhidin ailə üzvləri, pedaqoji kollektiv və Vətən müharibəsinin iştirakçıları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Verim nəfəsimi, dalğalan, ey şanlı bayraq” adlı ədəbi-bədii kompozisiyanın nümayişi ilə başlayan tədbirdə şəhid leytenantın həyatı və döyüş yolu haqqında məlumat verilib. Bildirilib ki, Xalid Nəciyev 1992-ci ilin bu günündə Saatlı rayonunda dünyaya göz açıb. Orta təhsili əla qiymətlərlə başa vuran Xalid həm də vətənpərvərliyi ilə seçilib. O, ali təhsilini müəllimlik ixtisası üzrə alıb. Sonra həqiqi hərbi xidmət keçən Xalid ehtiyatda olan leytenant kimi tərxis olunub. İxtisasca tarix-coğrafiya müəllimi olan Xalid Nəciyev Vətən müharibəsində tərəddüd etmədən döyüşlərə yollanıb.
Qeyd edilib ki, Qubadlıdan Laçına qədər döyüş yolu keçən Xalid yaralı əsgərini döyüş meydanından çıxararkən noyabrın 5-də Səfiyan kəndində şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Laçının azad olunmasına” görə medalları ilə təltif edilib.
Tədbirin sonunda şəhid leytenant Xalid Nəciyevin məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.