Şəhidlərin övladları üçün İsmayıllı və Şamaxıya səfər təşkil edilib
Bakı, 1 iyun, AZƏRTAC
“Miras - İrsimizi Yaşadaq” layihəsi çərçivəsində şəhid övladları üçün tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a DOST Agentliyindən məlumat verilib.
Bildirilib ki, DOST Agentliyinin “Könüllü DOST” proqramının təşkilatçılığı və TuranBank ASC-nin tərəfdaşlığı ilə şəhid ailələrinin övladları üçün İsmayıllı rayonu və Şamaxı şəhərinə səfər təşkil edilib.
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan layihənin məqsədi uşaqları Azərbaycanın zəngin mədəni, tarixi və mənəvi irsi ilə yaxından tanış etmək, onların milli kimlik və mənsubiyyət hissinin gücləndirilməsinə töhfə verməkdir.
İştirakçılar ilk olaraq İsmayıllı “DOST Evi” filialını ziyarət edərək rəsm, bədii oyma və xalçaçılıq üzrə ustad dərslərində iştirak ediblər. Daha sonra Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğunda uşaqlar üçün kəlağayıçılıq sənəti üzrə ustad dərsi keçirilib.
Eyni zamanda, layihə iştirakçıları bölgənin tarixi-mədəni məkanlarına səfər edib, milli-mənəvi dəyərlərimizi əks etdirən nümunələrlə yaxından tanış olmaq imkanı əldə ediblər.
Ustad dərslərini uğurla tamamlayan iştirakçılara motivasiya xarakterli xüsusi “Miras pasportu” təqdim olunub. Pasportun hər səhifəsində uşaqların keçdikləri dərslərə uyğun stikerlər yer alıb.
Proqram çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasına infotur təşkil olunub. Burada şəhid övladlarına astronomiya elmi, kosmik tədqiqatlar və rəsədxananın fəaliyyəti barədə ətraflı məlumat verilib.
Tədbirin sonunda uşaqlara müxtəlif bayram hədiyyələri təqdim olunub.