CƏMİYYƏT
Səhiyyə mütəxəssislərinin Türkiyədə iştirak etdiyi təkmilləşdirmə proqramı başa çatıb
![](/files/galleryphoto/2022/3/1200x630/1666619737446873532_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16666197371965743105_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1666619737195257678_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16666197376347652852_1200x630.jpg)
Bakı, 24 oktyabr, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həyata keçirdiyi layihələr - Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi Sağlamlıq üçün həmrəylik təşəbbüsü və USAID tərəfindən maliyyələşdirilən Azərbaycanda pandemiyaya cavab tədbirləri çərçivəsində ölkə xəstəxanalarının infeksiyaların profilaktikası və nəzarət (İPN) üzrə 19 məsul şəxsinin və səhiyyə mütəxəssisinin Türkiyədə iştirak etdiyi təkmilləşdirmə proqramı başa çatıb.
ÜST-nin Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, iştirakçılar Səhiyyə Nazirliyində olaraq İctimai Səhiyyə Baş İdarəsinin mütəxəssislərinin təqdimat sessiyaları vasitəsilə Türkiyənin İPN təcrübəsini yaxından öyrənmək fürsəti əldə edib. Azərbaycanlı mütəxəssislər Ankarada yerləşən müxtəlif tibb müəssisələrini ziyarət edərək xəstəxanaların İPN fəaliyyətlərini yerində öyrənmək imkanı qazanıb. İştirakçılar mikrob əleyhinə preparatlara davamlılıq və xəstəxanadaxili infeksiyalarla mübarizə, habelə əl gigiyenası üzrə multimodal strategiya kimi müxtəlif mövzulara dair Türkiyə təcrübəsi ilə tanış olub.
Səfər başa çatdıqdan sonra İPN üzrə təkmilləşdirmə proqramının nəticələrinə dair görüş keçirilib, iştirakçılar sertifikatlarla təltif edilib. TƏBİB və Türkiyə Respublikasının Səhiyyə Nazirliyi arasındakı bu texniki əməkdaşlıq Azərbaycanın İPN mexanizminin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.