Səhiyyə Nazirliyi həkim-rezidentlər üçün xarici ölkələrdə rotasiya silsilələri təşkil edir
Bakı, 22 avqust (AZƏRTAC). Səhiyyə Nazirliyi tibbi təhsilin səviyyəsinin təkmilləşdirilməsi məqsədi ilə həkim-rezidentlər üçün kardiocərrahiyyə, plastik cərrahiyyə, mamalıq-ginekologiya, immunologiya, endokrinologiya, laboratoriya işi, şüa diaqnostikası və terapiyası, uşaq cərrahiyyəsi, hematologiya, neyrocərrahiyyə, anesteziologiya-reanimatologiya, üz-çənə cərrahiyyəsi, genetika üzrə xarici ölkələrdə 3-6 ay müddətinə rotasiya silsilələri təşkil edir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bunun üçün həkimlərdən rezidentura təhsilinin tamamlayaraq dövri attestasiyadan keçmələri və səlis xarici dil biliyi tələb olunur.
İştirak üçün elektron ərizə (çap edilərək imzalanmış nüsxə), kadrların şəxsi uçot vərəqəsi (tam doldurulmuş), ali təhsil haqqında diplomun surəti, əmək kitabçasının notariat qaydada təsdiq edilmiş surəti (mövcud olduğu halda), rezidentin dövri attestasiyasının nəticələrini əks etdirən sənədin surəti, rezidenturanın keçirildiyi tibb müəssisəsindən xasiyyətnamə, xarici dil biliyi barədə rəsmi sertifikat (alman dili üzrə B2-C1, DSH2 səviyyəsi, ingilis dili (TOEFL və s.), türk dili (tibbi terminologiya ilə), 3,5x4,5 ölçüdə 2 ədəd rəngli fotoşəkil, şəxsiyyət vəsiqəsinin surəti, xarici pasportun surəti təqdim olunmalıdır.
Sənədlərin qəbulu sentyabrın 16-dan başlayaraq 20 iş günü müddətində Səhiyyə Nazirliyində saat 10:00-dan 16:00-dək aparılacaqdır.