Səhiyyə Nazirliyi Mingəçevirdə fləş-mob keçirib
Bakı, 2 dekabr, AZƏRTAC
Səhiyyə Nazirliyi tərəfindən növbəti maarifləndirici aksiya Mingəçevir şəhərində təşkil olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Mingəçevir Tibb Kolleci ilə birgə keçirilən tədbirin əsas məqsədi suda boğulma, epilepsiya tutmaları və digər fövqəladə hallar zamanı ilkin tibbi yardımın göstərilməsi qaydalarını əyani şəkildə nümayiş etdirilməsindən ibarət olub.
Aksiya zamanı arzu edənlərin arterial təzyiqi və nəbzin tezliyi ölçülüb. Kollecin tələbələri, həmçinin ürəyin qapalı masajı və süni tənəffüs qaydalarını nümayiş etdiriblər. Sonra aksiya iştirakçılarına məlumatlandırıcı bukletlər paylanılıb.
Maarifləndirici tədbir şəhər sakinlərinin böyük marağına səbəb olub.
Sonra Mingəçevir Tibb Kollecin tələbələri və könüllülərin iştirakı ilə “İlk tibbi yardım həyat xilas edir” adlı fləş-mob təşkil olunub.
Fləş-mobda kollecin tələbələri tərəfindən müxtəlif təxirəsalınmaz vəziyyətlərdə ilk tibbi yardımın düzgün şəkildə göstərilməsi qaydaları əyani olaraq nümayiş etdirilib.
Həmçinin “İlk tibbi yardımı öyrən - tətbiq et!” adlı viktorina keçirilib. Viktorina qaliblərinə müxtəlif hədiyyə və mükafatlar təqdim olunub.
Tədbir zamanı xeyriyyə məqsədli kampaniya da keçirilib. Kampaniyada kollec əməkdaşlarının hazırladığı əl işləri, suvenirlər və digər məhsulların satışından əldə olunan vəsait Mingəçevir Şəhər Uşaq Nevroloji sanatoriyasında müalicə alan uşaqlara Yeni il hədiyyələrinin alınmasına yönləndirilib.
Nazirlikdən bildirilib ki, gələcəkdə maarifləndirici aksiya və fləş-mobların respublikanın digər şəhər və rayonlarında da keçirilməsi planlaşdırılır.