CƏMİYYƏT
Səhiyyə Nazirliyi: Sanitariya-epidemioloji xidmət Avropa Oyunları zamanı gigiyenik qaydalara tam nəzarət edəcək
Bakı, 11 iyun, AZƏRTAC
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin müvafiq qurumları ilə birgə 20 olimpiya obyektinin layihəsinin sanitariya-epidemioloji ekspertizasını həyata keçirib, müvafiq laboratoriya müayinələri aparıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, laboratoriya xidmətinin fəaliyyətini təkmilləşdirmək, xüsusilə yeyinti məhsullarının və suyun laboratoriya müayinələrini müasir tələblərə uyğun aparmaq üçün yeni cihaz və avadanlıqlar alınıb, mütəxəssislərin yüksək səviyyədə hazırlığı təmin edilib. Ən müasir avadanlıqla təchiz edilmiş toksikoloji laboratoriya, yeni diaqnostik vasitələrin istifadəyə verildiyi mikrobioloji laboratoriya hazırda tam gücü ilə işləyir.
Səhiyyə Nazirliyinin sanitariya-epidemioloji xidməti tərəfindən Bakı və Mingəçevir şəhərlərində idmançıların qalması və qidalanması üçün nəzərdə tutulmuş obyektlərdə içməli suyun tam mikrobioloji, toksikoloji və fiziki-kimyəvi göstəriciləri yoxlanılıb. Müayinələr zamanı normadan kənaraçıxma müşahidə olunmayıb.
Bundan əlavə, iaşə obyektlərinə mütəxəssislər tərəfindən yerində baxış keçirilib. Bakı və Mingəçevir şəhərlərində həşəratlara və gəmiricilərə qarşı aparılan dezinfeksiya işləri davam etdirilir.