Səhiyyə Nazirliyində yanğından mühafizə qaydalarına həsr edilmiş müşavirə keçirilmişdir
Bakı, 10 sentyabr (AZƏRTAC). Səhiyyə Nazirliyinin tabeçiliyindəki tibb müəssisələrində yanğından mühafizə qaydalarına, habelə payız-qış aylarına hazırlıq məsələlərinə həsr olunmuş ikigünlük geniş müşavirə keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının da iştirak etdikləri müşavirədə çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev belə bir tədbirin əhalinin tibb müəssisələrində təhlükəsizliyinin təminatı baxımından çox əhəmiyyətli olduğunu diqqətə çatdırmışdır.
Qeyd etmişdir ki, Azərbaycan dövlətinin əhalinin sağlamlığına göstərdiyi xüsusi diqqət sayəsində səhiyyə sahəsində bir çox nailiyyətlər əldə olunmuşdur. Son illər ərzində 500-dən artıq tibb müəssisəsinin beynəlxalq standartlara uyğun qaydada əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsi, güclü kadr hazırlığı istiqamətində görülən işlər bunun bariz nümunəsidir.
E.Ağayev demişdir ki, Səhiyyə Nazirliyində yanğından mühafizə məsələsinə xüsusi diqqət yetirilir. Bu günlərdə səhiyyə nazirinin tapşırığına əsasən, 1980 tibb müəssisəsində payız-qış mövsümünə hazırlığa dair tədbirlər keçirilmiş və hazırlığın səviyyəsi müzakirə olunmuşdur. Təkcə Bakı şəhəri üzrə 159 tibb müəssisəsindən 138-də yanğından mühafizə planı yoxlanılmışdır.
Müşavirədə Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşı Elçin Hüseynov çıxış edərək yanğın təhlükəsizliyi qaydalarından danışmışdır. Qeyd etmişdir ki, səhiyyə müəssisələrinin hər bir əməkdaşı yanğından mühafizə qaydalarını mütləq bilməli, bu qaydalara ciddi nəzarət etməli və yanğın baş verdikdə insanların xilası, habelə yanğını söndürmək üçün ondan asılı olan bütün lazımi tədbirləri görməlidir.
Tədbirdə, həmçinin Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin hazırladığı slaydlar göstərilmişdir.