Şəkərin çox qəbul edilməsi insulin ifraz olunmasında problemlər yaradır
Bakı, 8 iyun, AZƏRTAC
Şirniyyat imtina edilməsi çətin olan təamlar sırasındadır. Bəzən stressə düşmək də insanı qənnadı məmulatı yeməyə məcbur edir. Şirniyyatın tərkibində olan karbohidratlar sağlamlıq üçün vacib rol oynayır, orqanizmdə “xoşbəxtlik hormonu” adlandırılan serotinin ifrazını təmin edir. Ona görə də insanlar əsəbiləşəndə şirin qidalara daha çox meyilli olurlar.
Psixoloqlar isə bunu qısamüddətli xoşbəxtlik hesab edirlər. Onların fikrincə, əgər şirniyyatın pozitiv enerji verməyini beynimizdə təsdiq ediriksə, onda o həyatımızda öz rolunu oynayacaq. İnsanın orqanizmində olan endorfin, dofamin, serotonin kimi maddələr yoxa çıxanda həyatdan küskünlük hissi baş qaldırır və onu birbaşa şirniyyatla qidalanmaq nəticəsində ödəyir. Şirniyyata meyillilik həmin vəziyyətdən şüuraltı olaraq çıxmağı bizə göstərir.
Həkimlərin dediyinə görə, miqdarından artıq şirniyyat qəbulu insan orqanizmi üçün təhlükə yaradır. Onun qarşısını almaq üçün “qızıl orta”nı tapmaq lazımdır. Azərbaycan Tibb Universitetinin həkim-diyetoloqu Leyla Zülfüqarlı AZƏRTAC-a deyib: “Şəkərə olan gündəlik tələbat 30 qramdan çox deyil. Orqanizmdə şəkərin çox qəbul edilməsi insulin ifraz olunmasında problemlər yaradır və bu, ikinci qrup şəkərli diabet xəstəliyinə aparıb çıxarır”.
Yeməkdən sonra şirniyyat qəbul edilməməli, çay və qəhvə şəkərlə içilməməlidir. Həmçinin evdə və iş yerində şəkərli qidaları əl altında saxlamaq olmaz.