ŞƏKİ AZƏRBAYCAN-TÜRK ÖZƏL LİSEYİNDƏ MƏZUN GÜNÜ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Şəkidə fəaliyyət göstərən Azərbaycan-Türk Özəl Liseyinin 9-cu buraxılışı münasibətilə məzun günü keçirilmişdir.
Şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri və 50-yə yaxın türkiyəli iş adamının iştirak etdiyi tədbirin əvvəlində Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilmişdir.
Liseyin müdiri İbrahim Ərsoy təhsil ocağının məzunlarının qazandığı uğurlardan danışmışdır. Bildirilmişdir ki, Şəki liseyi 9 ildir fəaliyyət göstərir. Liseydə 235 şagird təhsil alır. Bu il məktəbi 38 məzun bitirir. Məzunlardan Azər Şükürzadə Qazaxıstanda keçirilən layihə yarışmasında üçüncü yeri tutmuş, Elmar Talıbov Braziliyada keçirilən olimpiadada həvəsləndirici mükafata layiq görülmüş, Şəkir Qiyaslı isə respublika kimya olimpiadasında 3-cü yerə çıxmışdır.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyəti aparatının şöbə müdiri Rəfael Mənəfov, şəhər təhsil şöbəsinin müdiri Firədun İbrahimov, Çağ Öyrətim İşlətmələri Şirkətinin baş müdiri Adəm Önal, məzun valideyni, Milli Məclisin deputatı Məjlum Şükürov çıxış edərək, bu il məktəbi bitirən məzunlara uğurlar arzulamış, Azərbaycanla Türkiyə arasında bütün sahələrdə, o cümlədən elm və təhsil sahəsində əlaqələrin yüksək sürətlə inkişaf etməsindən məmnun qaldıqlarını bildirmişlər.
Liseyin fəaliyyətinə yaxından kömək göstərdiyinə görə, məktəb kollektivi adından şəhər icra hakimiyyətinin başçısı Nazim İbrahimova xatirə hədiyyəsi təqdim edilmişdir.
Respublika və beynəlxalq səviyyəli yarışlarda, olimpiadalarda uğur qazanmış məzunlar qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
Tədbir konsert proqramı ilə başa çatmışdır.