ŞƏKİ TAXILÇILARININ BÖYÜK UĞURU
Cari ilin taxıl biçini mövsümü Şəki rayonunun taxılçıları üçün uğurlu keçmişdir. Taxılçılar Şəkinin tarixində ilk dəfə olaraq rekord miqdarda - 210 min ton məhsul istehsal etmişlər. Bu, 2007-ci ilin nəticələri ilə müqayisədə 100 min ton çoxdur. Tədarük edilmiş məhsulun 147,2 min tonunu buğda, 59,7 min tonunu arpa, 4 min tonunu isə vələmir təşkil edir. Cari mövsümdə Şəki taxılçıları 70 min 752 hektar sahənin məhsulunu biçmişlər. Hər hektardan orta məhsuldarlıq 30 sentner təşkil etmişdir. Bu, ötən illə müqayisədə təqribən 2 dəfə çoxdur.
AZƏRTAC xəbər verir ki, iyulun 29-da Şəki Şəhər İcra Hakimiyyətinin akt zalında təsərrüfat rəhbərlərinin və rayon fəallarının iştirakı ilə taxılçıların uğuruna həsr olunmuş geniş toplantı keçirilmişdir. Şəhər icra hakimiyyətinin başçısı Nazim İbrahimov taxılçıları təbrik etmiş, əldə olunan nailiyyətlərdə dövlətin kənd təsərrüfatı məhsulları istehsalçılarına maliyyə dəstəyinin böyük rol oynadığını vurğulamışdır.
Sonra şəhər icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Şahin Babayev tədbir iştirakçılarını Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin təbrik teleqramının mətni ilə tanış etmişdir. Teleqramda deyilir: “Azərbaycan Respublikası Prezidentinin kənd təsərrüfatının inkişafı sahəsində müəyyən etdiyi aqrar siyasətin tələblərinə müvafiq böyük əzmlə çalışaraq uğurlu nəticələr qazanmış Şəki rayonunun taxılçılarını səmimi təbrik edirəm. Əminəm ki, fermer təsərrüfatlarına və kənd təsərrüfatı məhsullarının istehsalına yüksək dövlət dəstəyindən səmərəli istifadə edən rayonun əməkçiləri bundan sonra da respublika əhalisinin ərzaq təminatının daha da yaxşılaşdırılması naminə qarşıda duran vəzifələri müvəffəqiyyətlə həyata keçirərək, yüksək məhsuldarlığa nail olacaqlar”.