ŞƏKİ-ZAQATALA BÖLGƏSİ RAYONLARINDA “QUŞ QRİPİ” İLƏ BAĞLI MONİTORİNQLƏR DAVAM EDİR
“Quş qripi” virusunun respublikamızın şimal-qərb istiqamətindən ölkə ərazisinə keçməsinin qarşısını almaq məqsədi ilə Balakən sərhəd keçid məntəqəsində quş əti və məhsullarının gətirilməsinə nəzarət gücləndirilmiş, bölgədəki rayonlarda köçəri quşların ovlanması və satışı qadağan olunmuşdur.
Şöbənin ətraf mühitin mühafizəsi və monitorinqi sektorları mütəxəssislərinin iştirakı ilə hazırda sututarlarda, axmazlarda, Əyriçay və Mingəçevir su anbarlarında çöl quşları arasında xəstəliyin vaxtında aşkar edilməsi üçün monitorinqlər keçirilir, xəstəliyin profilaktikası məqsədi ilə yaşayış məntəqələrində əhali arasında geniş sanitariya-maarifləndirmə işləri aparılır.
İnzibati ərazidən axan Qanıx (Alazan) çayının sol sahilində yerləşən yaşayış məntəqələrində, o cümlədən Balakən rayonunun Kortala və İtitala kəndlərində, Zaqatala rayonunun Aşağı Çardaxlar, Bəhmətli, Faldarlı və Kəpənəkçi kəndlərində, Qax rayonunun Almalı və Şıxlar kəndlərində, habelə Şəkinin 3 və Oğuz rayonunun 4 yaşayış məntəqəsində aparılan monitorinqlərin nəticələrinə görə, bu ərazilərdə xəstəliyə yoluxma faktı hələlik qeydə alınmamışdır.
Hazırda inzibati ərazidə monitorinqlərin keçirilməsi davam etdirilir.